***01:36
Türkiyə Super Liqasında keçirilən “MKE Ankaragücü” – “Çaykur Rizespor” matçında baş hakim Halit Umut Meler döyülüb.
Globalinfo.az xəbər verir ki, 1-1 bitən matçın sonunda meydana daxil olan “MKE Ankaragücü” prezidenti Faruk Qoca hakimə yumruq zərbəsi endirib. Daha sonra digər şəxslər onu təpikləməyə başlayıblar.
Görüntülər qısa müddətdə dünya mediasında rezonans doğurub.
Türkiyə Futbol Federasiyası çempionat oyunlarının təxirə salındığını açıqlayıb. Buna hakimlərin Melerə görə oyunları boykot etməsinin səbəb olduğu bildirilir.
Ölkənin Daxili İşlər Nazirliyi Faruk Qoca və hücumda yer alan digərlərinin saxlanıldığını açıqlayıb.
Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Halit Umut Melerə hücumu qınadığını, şiddətə əsla izn verməyəcəklərini deyib və keçmiş olsun mesajı yayımlayıb.
Olaylarla bağlı danışan Meler hücumda yer alanlardan şikayətçi olduğunu və hakimlik fəaliyyətinə son verdiyini elan edib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Halil Umut Meler matçın 50-ci dəqiqəsində “Ankaragücü” klubunun futbolçusu Ali Souenə ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Bu qərar azarkeşlərin böyük reaksiyasına səbəb olub.
“Ankaragücü” klubunun baş məşqçisi Emre Belözoğlu oyundan sonra “Çox üzr istəyirəm, başqa bir şey demək istəmirəm” deyə açıqlama verib.
“Çaykur Rizespor”un baş məşqçisi İlhan Palut əlavə olunan dəqiqələrdə bir xal qazandıqlarını bildirib və “Ankaragücü”nə uğurlar arzulayıb.
“Ankaragücü” 1:1 “Çaykur Rizespor”
Qollar: Olimpiu Morutan 14, Adolfo Gaich 90+7
