Türkiyə çalxalanır: Kurtulmuş “dəyişək” dedi, xalq ayağa qalxdı – FOTO/VİDEO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Konstitusiya ilə bağlı açıqlaması ölkədə rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, Kurtulmuş Konstitusiyanın toxunulmaz olaraq qəbul edilən ilk dörd maddəsindən üçüncüsünün dəyişdirilməli olduğunu bildirib.

“Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni Konstitusiyanın hazırlanmasıdır. Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni konstitusiyada bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”,  – TBMM sədri deyib.

Onun sözləri ölkədə ciddi rezonans doğurub. Belə ki, Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan Konstitusiyada ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəblə təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. Hətta Kurtulmuşun vəzifədən kənarlaşdırılması üçün çağırışlar edilib.

Etirazlardan sonra TBMM sədri sözlərinin səhv anlaşıldığını, ilk dörd maddənin toxunulmazlığı fikrini müdafiə etdiyini bildirib və yaranan situsiyanı təxribat kimi qiymətləndirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü il 20 aprel tarixində TBMM-da qəbul edilib.


Ayşən Mustafa
Globalinfo.az