milli meclis esas 900x553 1

“Bir iş adamı böyük vəsait sərf edərək “Turan Tovuz” klubuna dəstək göstərir, komandanın inkişafına töhfə verir və nəticədə klub ölkə çempionatında yüksək nəticə əldə edir. Lakin sonradan məlum olur ki, komanda əvvəlki dövrlərdən qalan müəyyən sanksiyalar səbəbindən Avropa turnirlərində iştirak edə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, sözügedən məsələnin ciddi suallar doğurduğunu bildirib:

“Korrupsiya haqqında qanunun müvafiq maddələrinə əsasən, dövlət orqanlarının səlahiyyətlərini həyata keçirən və ya inzibati funksiyaları yerinə yetirən şəxslər korrupsiya hüquqpozmalarının subyekti hesab edilə bilər. Bu baxımdan, qərarların şəffaflığı və əvvəlcədən məlumatlandırma mexanizmi xüsusi əhəmiyyət daşıyır.

Belə vəziyyətlərin nəticələri təkcə hüquqi yox, həm də sosial və iqtisadi baxımdan ciddi təsir yarada bilər. Çünki hansısa iş adamı və ya sponsor bölgədə bir futbol klubuna milyonlarla investisiya yatırır, komandanı dirçəldir və idman həyatını canlandırır. Lakin iki il sonra belə qərarlarla bu səylər nəticəsiz qala bilər”.

Deputat qeyd edib ki, məsələyə geniş kontekstdən yanaşmaq lazımdır:

“İdmanın inkişafı yalnız bir klubun taleyi deyil, bütövlükdə ölkənin idman nüfuzu ilə bağlıdır. Müqayisə üçün qeyd olunur ki, Özbəkistanda təxminən 60 futbolçu, Gürcüstanda 120 futbolçu, Ermənistanda isə 40 futbolçu xarici klublarda çıxış edir və bu, ölkələrin futbol sisteminə həm maliyyə, həm də təcrübə qazandırır. Azərbaycanda isə bu rəqəmin daha aşağı olduğu bildirilir və futbolçular əsasən orta və aşağı səviyyəli liqalarda çıxış edirlər.

Bu isə həm də ölkənin beynəlxalq idman nüfuzuna təsir göstərir və uzunmüddətli inkişaf imkanlarını məhdudlaşdırır. İdman yalnız nəticə deyil, həm də ölkənin tanıdılması və turizmin inkişafı baxımından vacib vasitədir. Ona görə də bu məsələlərə yalnız texniki və ya inzibati yanaşma ilə deyil, daha geniş və strateji baxışla yanaşmaq lazımdır. Kiçik məlumatlandırma və ya kommunikasiya problemləri belə, böyük layihələrin və idman klublarının gələcəyinə ciddi təsir edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: