Tural Abbaslı onu ölümlə hədələyən şəxsdən danışdı: “Həmin adamı tapmışıq…”

“Dostlarım hədələnməyim barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Başqa xüsusi bir tədbir görmək fikrim yoxdur. Mühafizəçi tutası deyiləm ki?! Hüquq-mühafizə orqanları lazımi tədbirləri görəcəklər”.

Bu sözləri Globalinfo.az-a AĞ Partiya sədri Tural Abbaslı millət vəkili Fazil Mustafanın sui-qəsdə uğramasından sonra sosial şəbəkələrdə özünün təhdid edilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İranın molla rejimi hazırkı məqamdan istifadə etməyə çalışır:

“Hazırda İran əleyhinə danışan ictimai-siyasi xadimlər sosial şəbəkələr vasitəsilə təhdid edilir. Yəni mən bu məsələdə tək deyiləm. Digər sosial siyasi xadimlər də bundan nəsibini alır.

Şəxsən mən belə şeylərdən çəkinmirəm. Ümumiyyətlə, biz belə şeylərdən çəkinəcək insan olsaydıq, illərdir siyasətdə olmazdıq. Lakin bütün hallarda bu kimi hadisələr qarşısında hüquq-mühafizə orqanlarının üzərinə ciddi yük düşür. Yəni sosial şəbəkələrdə insanların bir-birini təhqir edib hədələməsinə icazə verilməməlidir. Hətta zarafat məqsədilə belə kiminsə təhdid edilməsi yolverilməzdir.

Heç kəs rahat olmamalıdır ki, mən sosial şəbəkədə kimisə təhqir edəcəm, hədələyəcəm və bunun bir cəzası olmayacaq. Hesab edirəm, belə məqamda daha adekvat addımlar atılmalıdır”.

T.Abbaslı imanlı, Allaha inan bir insan olduğunu və Allahın verdiyi canın ondan başqa heç kəs tərəfindən alına bilməyəcəyini deyib:

“Mən bilirəm ki, Allahın verəcəyi canı ondan başqa heç kəs ala bilməz. Buna görə belə məsələlər məni təşvişə salmır.

Bildiyim qədər, sosial şəbəkədə məni təhdid edən şəxs hazırda Avropa ölkələrinin birində yaşayır. Belə insanların Avropa ölkələrində yaşaması, vətəndaşlıq alması və ordan insanları təhdid etməsi yolverilməzdir. Belə şəxsləri qulağından tutub ölkəyə gətirmək və Azərbaycan qanunlarına görə mühakimə etmək lazımdır”.

Turan Rzayev
Globalinfo.az