tramp

Ötən gün ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı diqqət çəkdi. Ağ Ev lideri söhbət zamanı Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini bir daha gündəmə gətirdi. Vladimir Putin isə həmkarına Moskvanın Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu bildirdi.

Rusiya lideri həmçinin Kremlin böhranın əsas səbəblərini aradan qaldırmağa çalışacağını və öz məqsədlərindən geri çəkilməyəcəyini vurğulayıb.

Ekspertlər hesab edirlər ki, telefon danışığının nəticələri ilə bağlı ictimaiyyətə açıqlanan məlumatlarla real vəziyyət arasında fərq var.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Tramp və Putinin telefon danışığı gözlənilən idi:

“Liderlərin gələcəkdə görüşü tez-tez müzakirə olunur və bu istiqamətdə danışıqlara ehtiyac var. Tramp Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir. Bu, həm onun seçki vədi, həm də mövcud geosiyasi vəziyyətdə atmaq istədiyi əsas addımlardan biridir. İki ölkə arasında “soyuq savaş” davam etsə də, onların dünya siyasətində rolu danılmazdır. Tramp da bunun fərqindədir və münasibətlərin normallaşmasına çalışır.

Qəribə də olsa, Ağ Ev lideri “Soyuq müharibə” dövrünə qayıtmaq istəyir. Yəni ABŞ və Rusiya arasında gərginlik davam etməli, lakin digər münaqişələr lokal səviyyədə saxlanmalıdır. Tramp düşünür ki, dünya gücləri yenidən Vaşinqton və Moskva ətrafında toparlanmalıdır. Bu fikir ilk baxışda gərçəkləşməsi çətin görünə bilər, lakin müəyyən qədər real zəmini də var”.

ramiye 61595692989
Ramiyə Məmmədova

Politoloq vurğulayıb ki, Tramp prezidentliyi müddətində Ukrayna müharibəsini dayandırmaq istəyir:

“Hələ ki, buna nail olmasa da, cəhdlərini davam etdirir. Onun İsrail–İran qarşıdurmasından sonra bu istiqamətdə fəallaşması diqqət çəkir. Ağ Ev rəhbəri yaxşı bilir ki, Ukraynanın silahlandırılması və Qərbin dəstəyi müharibənin başa çatmasına gətirib çıxarmayacaq. O, həmçinin Rusiyanın zəif olmadığını da anlayır. Belə olan halda, müharibənin uzanması ilk növbədə ABŞ və bütövlükdə Qərb üçün mənfi nəticələr doğura bilər.

Ukrayna müharibəsi digər münaqişələri də alovlandırır və bu, ciddi risklər yaradır. Ona görə də Vaşinqton müharibənin bitməsində maraqlıdır. Hazırda Rusiya ilə danışıqların davam etdiyini söyləmək mümkün olsa da, real nəticələri qiymətləndirmək çətindir. Lakin ən azından bu istiqamətdə dialoqun mövcudluğu müsbət haldır. Tramp və Putin arasındakı təmaslar sülh baxımından pozitiv irəliləyiş kimi dəyərləndirilə bilər.”

Turan Rzayev
Globalinfo.az

Paylaş: