“ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri çərçivəsində keçirilən protokol tədbirlərindən yayılan görüntülər kifayət qədər məlumatvericidir”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, mətndən çox görüntülər danışır, sanki səssiz film kimidir, amma hər şey aydın görünür:
“Qeyd etmək istərdim ki, dövlət protokolu və rəsmi mərasim qaydaları xarici siyasətin həmişə ən vacib elementlərindən biri olub.
Qısa şəkildə əsas məqamlar:
– Trampın daha əvvəl verdiyi mesaj təsdiqlənir: Türkiyə və Pakistan Yaxın Şərqdə təhlükəsizlik məsələləri üzrə ABŞ-ın ən mühüm tərəfdaşlarına çevrilir.
– NATO-da say baxımından ikinci ən böyük orduya malik olan Türkiyə, hətta nüvə silahına sahib Fransa və Böyük Britaniya ilə müqayisədə belə, Avropa təhlükəsizlik sistemində əsas oyunçulardan biri olacaq.
– Baş nazir Benyamin Netanyahu dövründə İsrailin ABŞ-ın bölgədə yeganə əsas hərbi-siyasi dayağı olmaq ambisiyası coğrafi, demoqrafik və ən əsası dini-konfessional reallıqlar səbəbindən tam həyata keçə bilməyəcək.
– İsrailin “İbrahim sazişləri” vasitəsilə siyasi təsirini genişləndirmək konsepsiyası əsasən yalnız yəhudi dövlətinin təhlükəsizliyini təmin etməyə xidmət edən çərçivə ilə məhdudlaşacaq.
– Türk Dövlətləri Təşkilatının lideri olan Türkiyə, artıq ABŞ-ın da dəstəyi ilə, ortaq müdafiə sisteminin formalaşdırılmasını daha sürətlə davam etdirəcək”.
Politoloq qeyd edib ki, səfərin yekun nəticələrinə əsasən bu tezislərə əlavə və ya düzəliş etmək mümkün olacaq.
Günel Cəlil
Globalinfo.az