Donald Trampa sui-qəsd cəhdi dünyanın balansına təsir edib. Bu dəhşətli hadisə beynəxalq medianın bir saylı mövzusu olaraq qalır.
Bəzi ekspertlər hesab edirlər ki, Trampa qarşı sui-qəsdin ardı gələcək. Hətta baş verən hadisəni ABŞ-ın 37-ci prezidenti Con Kennediyə qarşı təşkil edilmiş terrorla müqayisə edirlər. Kennedi Karib böhranının qurbanı oldu. Tramp da Ukrayna krizisinin qurbanı ola bilərmi?
Növbəti mərhələdə Donald Tramp öldürülə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadənin sözlərinə görə, Amerika silahla cinayət törədilmə sayına görə dünyada ilk yerlərdədir.
O deyib ki, Amerikada həm də prezidentlərə və prezidentliyə namizədlərə qarşı silahla törədilən sui-qəsdlərə görə də eyni vəziyyətdir:
“ABŞ-da silah və onun vasitələrinin açıq şəkildə satışının olması, psixi xəstəliyi olmadığını göstərən sənədi təqdim edən istənilən yetkinlik yaşına çatan şəxsin silah əldə edə bilməsi belə cinayətlərin törədilməsi imkanını yaratsa da, dövlət başçısına və ya prezidentliyə namizədlərə qarşı törədilən sui-qəsdlər siyasi xarakterlidir. Hərçənd ki, bu cür sui-qəsdlərin real səbəbləri bir çox hallarda açılmır, “məişət zəminində” hal kimi qiymətləndirilir”.
Politoloq Amerikada ilk sui-qəsdin hədəfinin 1835-ci ildə prezident Endryu Cekson olduğunu bildirib:
“Naməlum şəxs Kapitoli binasının yaxınlığında prezidentə qarşı atəş açan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal yaxalanıb. Sui-qəsd törətmək istəyən şəxs açıqlamasında işsiz olduğu üçün belə bir cinayət törətməyə çalışdığını bildirib. Daha sonra 1865-ci ildə prezidentlər Avraam Linkoln, 1881-ci ildə Ceyms Abram Qarfild və 1963-cü ildə Con Kennedi sui-qəsd nəticəsində həyatlarını itiriblər.
Bütün bu cinayətlərin təşkilatçıları haqqında dəqiq məlumat açıqlanmadığı üçün müxtəlif versiyalar var. Keçmiş prezident və prezidentliyə namizəd Donald Trampa qarşı da törədilən sui-qəsdlə bağlı kifayət qədər suallar yaradan hallar var və hesab edirəm ki, belə sualların həqiqi cavablarını biz bilməyəcəyik. İlk öncə ona görə ki, cinayət törədən şəxs məhv edilib, digər səbəb isə həqiqətin açılması Amerika cəmiyyətində qütbləşməni, tərəflər arasında düşmənçiliyi daha da artırar”.
22 noyabr 1963-cü il. Con Kennedi sui-qəsd nəticəsində öldürülür.
Y.Hacızadə Trampa qarşı 2016-cı ildə ilk dəfə namizəd olan zaman da sui-qəsd etməyə cəhd olunduğunu xatırladıb:
“Görünən odur ki, Trampın açıqlamaları, fikirləri və dövlət başçısı olacağı zamanı həyata keçirəcəyi siyasət kimlərisə narahat edir. Özünün bildirdiyinə görə, qlobalistlər Amerikanı əsr alıb və o, hakimiyyətə gəldiyi zaman buna qarşı savaş aparacaq. Ukrayna ərazisində davam edən Rusiya-ABŞ müharibəsinin getdikcə, daha geniş ərazilərə yayılma ehtimalı var. Son zamanlar bir çox siyasətçilər və dövlət başçıları bu müharibənin davam etməsindən və Üçüncü Dünya müharibəsinin yarana biləcəyindən narahatlıq keçirdiklərinə dair fikir səsləndirirlər. Tramp da hakimiyyətə gələcəyi zaman bu müharibəni dayandıracağını, Ukraynaya daha hərbi və maddi yardım etməyəcəyini bildirir. Namizədlər arasında keçirilən tele-debat zamanı Baydenin səhhətində yaranan qüsurların ortaya çıxması Trampın seçiləcəyi ehtimallarını daha da yüksəltdi. Ondan sonra sui-qəsdin baş verməsi göstərir ki, onun seçilməsindən ciddi narahat olan qüvvələr var”.
Politoloqun fikrincə, Trampa qarşı törədilmiş sui-qəsd heç şübhəsiz ki, onun reytinqini daha da yüksəldərək, seçilmə imkanlarını artıracaq:
“Eyni zamanda Trampın da belə vəziyyətdə təbliğat-təşviqat məqsədi bəllidir. Hansı səbəbdən baş verməsindən asılı olmayaraq, demokratiyanın beşiyi sayılan, ən yüksək kəşfiyyat xidmətlərinə malik olan ölkədə belə bir hadisənin törədilməsi Amerikanın imicinə də zərbə vuracaq. Trampın müəyyən qüvvələrin maraqlarına zərbə vura biləcək siyasət aparması, Amerika dövlətinin “arxa bağçasında” baş verənləri (İŞİDİ Amerika dövləti yaradıb kimi) ifşa etməsi onun gələcəkdə də belə “sürprizlərlə” qarşılaşacağı ehtimalını yaradır”.
Zaira Akifqızı
Globalinfo.az