vasinqton moskva kiyev scaled

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı son addımları Vaşinqtonun əsl niyyətləri ətrafında yeni suallar yaradıb. Bir tərəfdən müharibəni dayandırmaq və Moskva ilə razılığa gəlmək istəyən Tramp, digər tərəfdən Kiyevə təzyiqləri artırır, Ukraynanın Rusiyanın neft obyektlərinə zərbələrini dayandırmasını tələb edir. Vladimir Putinlə əldə olunan enerji razılaşması isə Ukraynada və Avropada narazılıq doğurub. Volodimir Zelenski hesab edir ki, Tramp Putini dayandırmaq əvəzinə təzyiqi Ukraynaya yönəldir.

Bəs Ağ Evin bu siyasətinin arxasında nə dayanır? Tramp həqiqətən müharibəni bitirmək üçün güzəştlərə gedir, yoxsa ABŞ-nin iqtisadi və geosiyasi maraqlarını önə çəkərək Ukraynanın mövqelərini zəiflədir? Moskva ilə aparılan danışıqlar müharibənin sonunu yaxınlaşdırır, yoxsa Kiyevin gələcək taleyini müəyyənləşdirəcək daha böyük sövdələşmənin əsasını qoyur?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Trampın siyasətini yalnız Moskva ilə münasibətlər prizmasından qiymətləndirmək düzgün olmaz:

“Burada ABŞ-nin daxili siyasi gündəliyi, iqtisadi maraqları, enerji bazarındakı vəziyyət və beynəlxalq nüfuzunu qorumaq cəhdi də nəzərə alınmalıdır. Müharibənin uzanması Vaşinqton üçün maliyyə və siyasi yük yaradır. Tramp administrasiyası isə mümkün razılaşmanı seçkilər öncəsi özünün diplomatik uğuru kimi təqdim etməkdə maraqlıdır. Bu səbəbdən Ağ Ev Ukraynanı kompromisə sövq etmək üçün təzyiq vasitələrindən istifadə etməyə çalışır.

Lakin təzyiqin hansı istiqamətlərə yönəldilməsi həlledici əhəmiyyət daşıyır. Ukraynanın ABŞ-nin hərbi və kəşfiyyat dəstəyindən asılılığını nəzərə alsaq, Vaşinqtonun Kiyevə qarşı sərt addımları onun danışıqlardakı mövqeyini zəiflədə bilər. Əgər Rusiya eyni vaxtda əhəmiyyətli güzəştlərə getmirsə, belə yanaşma artıq kompromis deyil, tərəflər arasında imkan fərqinin daha da artması ilə nəticələnəcək.

yusif bagirzade 900x498 1

Yusif Bağırzadə

Enerji məsələsi də bu kontekstdə diqqət çəkir. Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşmanın elan edilməsi iqtisadi və siyasi maraqların müharibə siyasəti ilə necə kəsişdiyini göstərir. Enerji qiymətlərinin sabitləşdirilməsi ABŞ üçün daxili iqtisadi əhəmiyyət daşıya bilər. Lakin məsələ burasındadır ki, Rusiyanın enerji gəlirlərinin artması Moskvanın müharibəni maliyyələşdirmək imkanlarına da təsir göstərəcək”.

Yusif Bağırzadənin sözlərinə görə, digər tərəfdən, ABŞ-nin Moskva ilə münasibətləri yaxşılaşdırmaq naminə Kiyevin təhlükəsizlik narahatlıqlarını ikinci plana keçirməsi Ukrayna ilə yanaşı, Avropa üçün ciddi strateji risk yaradır:

“Həm rəsmi Kiyev, həm də Avropa haqlı olaraq hesab edirlər ki, davamlı sülh üçün atəşkəsin elan olunması kifayət deyil. Tərəflərin öhdəliklərinə əməl etməsi, gələcək hücumların qarşısını alacaq mexanizmlərin yaradılması və Ukraynanın suverenliyinə hörmət edilməsi vacibdir. Əks halda, istənilən müvəqqəti razılaşma münaqişəni həll etmək əvəzinə, onun növbəti mərhələsi üçün zəmin yarada bilər.

Ona görə də hazırkı şəraitdə Trampın siyasətinin mahiyyəti onun bəyanatlarından çox, əldə edəcəyi razılaşmanın şərtləri ilə müəyyənləşəcək. Əgər Vaşinqton Rusiyadan real güzəştlər əldə etmədən Ukraynanı ərazi və təhlükəsizlik məsələlərində geri çəkilməyə məcbur edərsə, bu, həqiqətən də ABŞ-nin Ukraynanı satması anlamına gələ və Vaşinqtonla müttəfiqləri arasında etimadı zəiflədə bilər. Yox, əgər ABŞ-nin təzyiqləri qarşılıqlı öhdəliklərə əsaslanan və davamlı sülhü təmin edən razılaşmaya gətirərsə, bu, fərqli nəticə olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: