ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib. Tramp bildirib ki, İsrail hücumları tammiqyaslı müharibəyə çevirərsə, ABŞ bu ölkəni İranla münaqişədə tək buraxa bilər.
Ağ Ev rəhbəri həmçinin Livana hücumlardan da məmnun olmadığını vurğulayıb. Trampın müharibəyə qarşı çıxması Vaşinqtonun İranla razılaşma əldə olunmasına üstünlük verdiyi kimi şərh edilir. İran rəsmiləri isə dondurulmuş vəsaitlərin qaytarılması və sanksiyaların ləğvi olmadan heç bir razılaşmanın mümkün olmadığını bəyan edirlər.
İran ABŞ-ın tələbinə uyğun olaraq nüvə proqramından imtina edəcək, yoxsa müharibə “dondurulmuş vəziyyətdə” qalacaq?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, İsrail-İran gərginliyi istənilən an genişmiqyaslı qarşıdurmaya çevrilə bilər:
“Bir neçə gün əvvəl Təl-Əvivin Livanda keçirdiyi əməliyyatlara cavab olaraq İran İsrail ərazilərini raket atəşinə tutdu. İsrail isə öz növbəsində İranın bəzi neft-kimya obyektlərini hədəf aldı. Bu, eskalasiyanın artdığını göstərir. Gərginliyin nəzarətdə saxlanılmasında Donald Trampın mövqeyi də xüsusi rol oynayır. O, Netanyahu ilə danışığında sərt mövqe nümayiş etdirərək atəşkəsə üstünlük verilməsini və müharibənin genişlənməməsini tələb edib, eyni zamanda İranla razılaşma əldə etmək istədiyini bildirib.
İran tərəfinin mövqeyi isə daha sərt xarakter alıb. Tehran özünü daha güclü hesab edir və ABŞ qarşısında müəyyən şərtlər irəli sürür. Bir müddət əvvəl tərəflər arasında müəyyən yaxınlaşma əlamətləri, xüsusilə Hörmüz boğazı və atəşkəs rejimi ilə bağlı müzakirələr mövcud idi. Hətta ortaq məxrəcə yaxınlaşıldığı da deyilirdi.
Hazırda əsas mübahisə mövzularından biri sanksiyaların ləğvi və dondurulmuş aktivlərin qaytarılmasıdır. ABŞ isə bunun qarşılığında İranın nüvə proqramı ilə bağlı ciddi tələblər irəli sürür — zənginləşdirilmiş uranın məhv edilməsi və ya üçüncü ölkəyə çıxarılması kimi məsələlər gündəmdədir”.

Oqtay Qasımov
Politoloq qeyd edib ki, bu şərtlər fonunda yaxın zamanda tam razılaşma ehtimalı zəif görünür:
“İran daha çox danışıqları uzadaraq vaxt qazanmağa və mövqeyini gücləndirməyə çalışır. Qarşıda isə bir neçə mümkün ssenari var: məhdud razılaşma, danışıqların uzanması və ya hərbi eskalasiyanın artması.
Lakin Tramp hələ yaxın bir neçə ay ərzində buna razı olmayacaq. Çünki ABŞ-da futbol oyunları keçiriləcək, həmçinin müstəqlliyinin 250 illiyi ilə bağlı tədbirlər olacaq, o cümlədən Donald Trampın 80 illik yubleyi gözlənilir. Noyabr ayında aralıq seçkilər də olacaq. Bu baxımdan Tramp irimiqyaslı savaşda maraqlı deyil. Mümkün qədər razılaşma əldə olunmasını istəyir. Mümkün razılaşma 2015-ci ildə keçmiş prezident Barak Obama dövründə əldə olunan sazişdən daha irəli getməlidir. Əks halda, Trampın daxili auditoriyada ciddi tənqidlərə məruz qalacağı, bunun isə seçkilər ərəfəsində onun reytinqinə və səs bazasına mənfi təsir göstərə biləcəyi istisna edilmir”.
Safura Bənnayeva
Globalinfo.az