Petrosyanın 92-ci ildə Qarabağ haqda dedikləri – Ermənilər qəzəblə xatırlayır

Ermənistan mediası keçmiş prezident Levon Ter-Petrosyanın 32 il əvvəl – 1992-ci ildə Qarabağla bağlı dediklərini yenidən gündəmə gətirib.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, Petrosyan 1992-ci ilin 5 mart tarixində “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirmişdi.

“Azərbaycan tərkibində muxtar respublika statusu bütün tərəfləri qane edər, eyni zamanda, Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalır, respublikanın ərazi bütövlüyü qorunur, Qarabağ xalqı da təminatlı yaşamaq hüququna malik olur. Mövqeyimiz budur, biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq”, – Petrosyan qeyd edib.

Həmin vaxt I Qarabağ müharibəsi gedirdi və nəticədə Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. 30 ilə yaxın davam edən sülh danışıqlarında heç bir nəticə əldə olunmadı. Nəhayət, 2020-ci ildə Azərbaycan Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdi, 2023-cü ildə isə sərhədləri daxilindəki erməni separatizmini tamamilə aradan qaldırdı.

Ermənilər buna görə Nikol Paşinyanı ittiham edir. Hesab edirlər ki, Paşinyan müəllimi olan Petrosyanın ideyalarını nəhayət yerinə yetirdi, lakin ondan da irəli gedərək, erməniləri Qarabağdan tamamilə çıxardı.