taksi

Paytaxtda tibb müəssisələrinə müraciət edən vətəndaşlar üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv edilərək “5.14” – “Minik taksilərinin duracaq yeri” və “3.28” – “Durmaq qadağandır” yol nişanları quraşdırılıb, minib-düşmə məntəqələri təşkil olunub.

Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) taksilərlə bağlı tətbiq etdiyi bəzi qaydalar son vaxtlar ictimai müzakirələrə səbəb olur. Vətəndaşlar bildirirlər ki, sərnişinlərin minib-düşməsi üçün xüsusi məntəqələrin yaradılması müsbət addım olsa da, bəzi hallarda sürücülər sərnişini mindirmək və ya düşürmək məqsədilə qısa müddətlik dayandıqları zaman belə cərimələnirlər.

Digər ərazilərdə də müəyyən güzəştlərin tətbiqi və ya taksilərə sərnişinin minib-düşməsi üçün qısamüddətli dayanmağa imkan verilməsi mümkündürmü?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev zaman-zaman bu məsələni gündəmə gətirdiyini bildirib:

“Gərək ən azından taksilər və digər nəqliyyat vasitələri üçün şərait yaradılsın ki, oraya daxil olub sərnişinlərini götürə və ya düşürə bilsinlər. Dayanma və durmanın qadağan olunduğu bəzi yerlərdə də bunu etmək olar. Məsələn, elə ərazilər var ki, nəqliyyat vasitəsi qısa müddətə dayanıb sərnişini götürə və yoluna davam edə bilsin. Hətta bu, avtobus zolaqlarında da mümkün ola bilər. Düzdür, burada sui-istifadə halları da istisna edilmir: kimsə gəlib dayanacaq, sonra deyəcək ki, sərnişin gözləyir və s.”

yasin mustafayev

Yasin Mustafayev 

Y.Mustafayevin fikrincə, müəyyən vaxt limiti qoymaqla bu addımları atmaq mümkündür:

“Elə yerlər var ki, dayanma-durmanın qadağan edilməsi təbiidir. Çünki həmin yerlərdə dayanma ümumi nəqliyyat axınına mənfi təsir göstərir, tıxacın yaranmasına səbəb olur. Amma ümumilikdə, bəzi ərazilərdə dayanma-durma yerləri yaratmaq mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: