Şuşa Qlobal Forumu dünya ictimaiyyətində böyük əks-səda doğurub

Azərbaycanın dünya birliyindəki reytinqi getdikcə yüksəlir, əlaqələri genişlənir. Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin nüfuzu daha da yüksəlib, işğaldan azad edilmiş ərazilər, xüsusilə Şuşa şəhəri mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi məkanına çevrilib. Bir neçə gün əvvəl Azərbaycanın mədəniyyət mərkəzi yenidən dünya ictimaiyyətinə qucaq acdı. Bu dəfə Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu üçün məkan seçildi.

Foruma  49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdı. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar beynəlxalq ictimaiyyətdə, o cümlədən dünya ictimaiyyətində böyük əks-səda doğurub.

Bu fikirləri Şuşa Qlobal Forumu haqqında redaksiyamıza açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin forumda verdiyi önəmli mesajlara böyük maraq göstərir və bu barədə informasiyalar yayır. Diqqqət çəkən əsas məqamlardan biri Rusiya Federasiyasının aparıcı portallarında dərc olunan məlumatlardır. Həmin informasiya və təhlili məqalələrdə  Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə, Bakıda keçirilən Rusiya-ABŞ dialoquna, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışına, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılmasına və digər fikirlərinə geniş yer verilib. Bununla yanaşı, Əlcəzairin “al24news” portalı, Omanın “omannews.gov.om” saytı və “alwatan.com” nəşri Qazaxıstanın “www.egemen.kz” saytında həmçinin  Gürcüstan mətbuatında, ictimai televiziyasında Prezident İlham Əliyevin xüsusilə Ermənistanla müharibədə Qələbədən sonra ölkəsinin işğaldan azad edilmiş rayonlarının inkişafının əsas prioritet olması ilə bağlı fikirlərinə diqqət çəkilib. Eyni zamanda, Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi və artıq sülh sazişinin imzalanması mərhələsində olduğu bildirilir.

Ç.Qənizdə Şuşa Qlobal Media Forumunu Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir hesab edib. Çünki Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa tarixi Qələbəmizin, sülhün rəmzidir. Bununı səbəbi odur ki,  Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Tədbir iştirakçılarının  azad olunmuş ərazilərdən keçərək Şuşaya daxil olmaları da xüsusi əhəmiyyət kəsb edir.  Dövlətimizin başçısı da forum iştirakçılarının diqqətinə çatdırdı ki, onlar Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəliblər ki, onu Zəfər yolu adlandırmışıq: “Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud olub. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət, bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır”.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin tədbirdə iştirak edən müxtəlif ölkələrin media nümayəndələrinin suallarını üç dildə cavablandırarkən çox mühüm mesajlar verdiyini xatırlatdı: “Forum iştirakçıları, eləcə də beynəlxalq ictimaiyyət Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olmasından,  İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqının ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmasından, Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərinin məşhur Şuşa Bəyannaməsini imzalayaraq  rəsmiləşdirilməsindən  və müttəfiqlik səviyyəsinə qaldırılmasından bir daha xəbərdar oldular.  Dövlət başçımız bir daha bəyan etdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”.

Ç. Qənizadə dövlət başçımızın  Azərbaycan mediasının müstəqilliyinin  cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu bildirməsi ölkəmizdə müstəqil mətbuata, azad sözə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlətimizin başçısı, həmçinin sülh danışıqlarının  hazırkı vəziyyəti barədə də məlumat verdi. Dedi ki, hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir: “Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq”.

“Xalq qəzeti”