Şuşa ilə bağlı möhtəşəm layihə – Xankəndiyə qədər qatarla, ordan isə… Eksklüziv açıqlama

 

Şuşa şəhəri işğaldan azad edildikdən sonra orda yeni infrastruktur qurulur. 2020-ci ilin noyabr ayından başlayaraq şəhərə yol çəkilməyə başladı. Tez bir zamanda su, elektrik və qaz xətti də çəkildi.

19-20 sentyabrda antiterror əməliyyatından sonra işğaldan azad edilən Xankəndidə Şuşaya asfalt yolun bərpası gündəmə gəlib. Həmçinin Şuşaya dəmir yolu xəttinin çəkilməsi də artıq müzakirəyə çıxarılıb.

Bəzən deyilir ki, Şuşa dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə yerləşdiyi üçün bu, mümkün olmayacaq. Amma dağlıq ərazilərdə yerləşən şəhər və qəsəbələrə dəmir yolu xətlərinin çəkilməsi müasir dünyada tez-tez rast gəlinən haldır. Məsələn, İsveçrənin Davos qəsəbəsindəki dəmir yolu xətti təcrübəsi var.

Davos dəniz səviyyəsindən 1700 metr yüksəkdir, amma buna baxmayaraq ora dəmir yolu çəkilib. Maraqlıdır, Şuşa layihəsi də bənzər ola bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı dəmir yolu xətti ilə bağlı kiçik araşdırma apardığını bildirib.

Onun sözlərinə görə, Şuşaya dəmir yolu xəttinin çəkilməsi hələ ki, planda yoxdur:

“Bu, gələcəkdə reallaşdırıla bilər. Bir çox ölkələrdə turistik bölgələrə dəmir yol xətləri çəkirlər. Burada əsas hədəf odur ki, insanlar dəmir yolu ilə bilet alırlar, səyahət edirlər, o gözəl yerləri görürlər, təbiəti seyr edirlər və rahat şəkildə mənzil başına çatırlar, istirahətlərini edirlər. Qatar səfərləri adətən mənzərəli yerlərə ona görə istiqamətləndirilir ki, turizm baxımından effekt versin. Daha sərnişin oturub fikirləşməsin ki, buradan Qəbələyə avtomobillə tez çataram və ya 10 manat irəli düşərəm. Sərnişin düşünür ki, dəmir yolu ilə gedəcək, söhbət edəcək, kitab oxuyacaq, işıqlı havada da təbiəti seyr edəcək. Bir sözlər, özünə, zövqünə uyğun bir planı olur. Dəmir yolunun üstünlüyü odur ki, həm də ətraf mühiti qoruyuruq”.

Elməddin Muradlı

E.Muradlı deyib ki, planda Xankəndiyə qədər dəmir yolu xəttinin çəkilməsi var:

“Artıq bununla bağlı işlər gedir. Ağdam istiqamətində dəmir yolu xeyli inkişaf etdirilib, üzü Xankəndiyə də istiqamət götürülüb. Antiterror əməliyyatlarından sonra artıq yolumuz açıqdır, hər tərəf doğma yurdumuzdur, istədiyimiz işləri də orada rahat görə bilirik.

Çox güman ki, Azərbaycan Dəmir Yolları 2024-cü və növbəti illərdə bizi sevindirəcək, qərarlar veriləcək, işlər icra ediləcək. Bu işlərin daha sürətli şəkildə görüləcəyini ümid edirik. Çünki o istiqamətlərdə vaxtı ilə dəmir yol xətti olub, indi də onların bərpasına ehtiyac var. Bunun özü həmin istiqamətdə yaşayan insanların rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Eyni zamanda orada quruculuq, abadlıq işlərində yüklərin daşınması daha təhlükəsiz və yol infrastrukturuna ziyan vurmadan çatdırılacaq. Bunun əhəmiyyəti çox böyükdür və dediyim kimi, gələcəkdə orada yaşayış tam bərpa olunandan sonra da turistlər üçün çox sərfəli olacaq”.

Ekspert gələcəkdə Şuşa istiqamətində avtomobillərin hərəkətinin ümumiyyətlə məhdudlaşdırılacağını deyib:

“Planda Şuşaya hər hansı bir avtomobillə getmək yoxdur. Yalnız elektrik avtomobilləri ilə gedilə biləcək. Ona görə də biz rahat şəkildə Xankəndiyə qədər qatarla səyahət edib, oradan da Şuşaya müxtəlif marşrutlarla qalxa biləcəyik. Bu, çox gözəl bir marşrut olacaq və hər birimiz də bundan yəqin ki, sevərək istifadə edəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az