Bakıda uşaqlara qarşı daha bir işgəncə faktı: loqopedik mərkəzdə… – Video

Azərbaycanda növbəti işgəncə faktı ortaya çıxıb. Bakıda fəaliyyət göstərən loqopedik mərkəzdə uşaqlara işgəncə verilməsi ilə bağlı soslai şəbəkələrdə videogörüntülər yayılıb.

Globalinfo.az “patrul.az” saytına istinadən bildirir ki, görüntülər “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alınıb.

Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərdiyi qeyd edilsə də, videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə müdiri Elşad Hacıyev Facebook səhifəsində bildirib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi də məlumat yayıb.

Məlumatda bildirilir ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.