dem qazi esas

Sumqayıt şəhərində bir ailədə 6 uşağın dəm qazından zəhərlənməsinin təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, hadisə dünən axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Qəsəbə sakini Kamil Cəbrayılovun 6 övladı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

K.Cəbrayılov Oxu.Az-a açıqlamasında bildirib ki, onun 9 övladı var:

“Həmişə böyük uşaqlarım azyaşlıları yuyundururdu. Dünən də böyüklər balaca uşaqları yuyundurmaq üçün hamama aparmışdı. Bir müddətdən sonra uşaqlar hamamdan çıxanda gördük ki, rəngləri qaralıb, özlərini pis hiss edirlər.

Hamama baxdıq ki, qızdırıcı qurğu dəm qazı buraxıb. Dərhal təcili yardım çağırdıq, uşaqları xəstəxanaya çatdırdıq. Səhər saatlarında uşaqlardan dördünün vəziyyəti normallaşdığı üçün onları xəstəxanadan evə buraxdılar.

Hazırda digər iki övladım da özlərini yaxşı hiss edir. Onları da xəstəxanadan çıxarırıq”.

***14:12

Dünən saat 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub. Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”, məlumatda qeyd olunub.

    ***13:10

    Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

    Globalinfo.az bildirir ki, APA-nın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

      Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları – 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları – 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

      Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

      Faktla bağlı araşdırma aparılır.

      Paylaş: