ayna sultanova

Azərbaycan mediasında zaman-zaman Ayna Sultanova mövzusu gündəmə gəlir. Onun adı daha çox 1930-cu illərdən başlayaraq milli adamlara işgəncə verməsi, onların əleyhinə fəaliyyət göstərməsi mövzusunda hallanır.

Globalinfo.az-ın ötən gün şair Mikayıl Müşfiqlə bağlı hazırladığı yazıda da A.Sultanovanın adı keçir. Belə ki, A.Sultanovanın adı şairin işgəncə ilə öldürülməsi prosesində çəkilir.

İndiyə kimi istər 26 Bakı Komissarlarının, istərsə də sovet NKVD işgəncələrində rol almış şəxslərin adları Azərbaycan tarixindən demək olar, çıxarılıb. Eləcə də onların adı verilən küçələr, metro stansiyalar, heykəlləri, büstləri götürülüb. Məsələn, Məşədi Əzizbəyovun və başqalarının adını burada nümunə olaraq qeyd etmək olar.

Bəs anti-milli fəaliyyəti heç bir şübhə doğurmayan, əksinə, tarixi faktlarla sübut olunan Ayna Sultanovanın adının və heykəlinin Azərbaycan tarixindən, eləcə də Bakı küçələrindən götürülməməsinin səbəbi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən danışan tədqiqatçı Dilqəm Əhməd bununla bağlı müraciətlər ünvanladığını bildirib.

ayna hemid scaled

Ayna Sultanova və Həmid Sultanov

O, Ayna Sultanova və həyat yoldaşının Azərbaycanın müstəqilliyinə qarşı addımlar atdığını vurğulayıb:

“İllər öncə bu mövzuda bir neçə yazı yazmış, rəsmi müraciətlər də ünvanlamışam. İronik haldır ki, Bakının İstiqlaliyyət küçəsində istiqlalımızı boğanların barelyefləri hələ də qalır. Üstəlik, İstiqlal abidəsi ilə üzbəüz. Eləcə də ara küçələrdə Ayna və Həmid Sultanovların adı əbədiləşdirilib. Halbuki Həmid Sultanov Gəncə üsyanını qan içində boğan, Firudin Köçərli kimi ziyalımızın qətlinə imza atan adamdır. Ər-arvad Azərbaycan müstəqilliyinin əleyhinə çalışıblar”.

D.Əhməd respublikamızın rəsmi şəkildə cümhuriyyətin varisi olduğunu qeyd edib:

“Necə ola bilər ki, varis respublika, bolşevik ruslara satılan şəxslərin adını ən önəmli küçələrdə yaşatsın, adına park saxlasın?! O barelyeflər dövlətçiliyimizə, azərbaycançılıq ideologiyamıza, müstəqilliyimizə ziddir. Görünür, onların barelyeflərini qoruyan güclü himayədarlar var. Başqa cür təsəvvür edə bilmirəm. Tariximizdə o qədər dəyəri bilinməyən qadınlar var. Ayna Sultanova parkına “Bayraqdar” parkı adı verilsə, daha yaxşı olardı”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: