Regionda sülh uğrunda “müharibə” qızışır – “Taxta o ölkə çıxa bilər”

2024-cü ildə aktual mövzulardan biri də Ermənistanla Azərbaycan arasında sülh prosesidir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin son açıqlamalarından da görmək olur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, yaxın vaxtlarda delimitasiya komissiyalarının görüşəcəyi haqda razılıq var. Diqqətçəkən məqam prosesdə ABŞ-ın da rol almasıdır.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləmək üçün tərəflərlə müntəzəm danışıq aparıldığını deyib. Rəsmi Bakı isə ümumiyyətlə üçüncü ölkənin müdaxiləsini birmənalı qarşıdır, lakin Qərb və Rusiya sülh uğrunda mübarizə aparmağa davam edir.

Maraqlıdır, Rusiya üçün sülh sazişinin harada imzalanmasının prinsipial əhəmiyyəti nədir? ABŞ, Aİ, Türkiyə və Rusiya sülh sənədinin yekun variantı və imzalanması ilə bağlı razılığa gələ bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, yekun sülh müqaviləsinin hansı beynəlxalq və regional oyunçunun düşüncələrinin hakimliyi çərçivəsində imzalanacağı suallar yaradır:

“Bir tərəfdən Rusiya, digər yandan Qərb sülh gündəliyinin qiymətləndirilməsində monopoliya yaratmağı hədəfləyir. Bu, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə bölücü və ziddiyyətli məqamlar gətirir, hərçənd həm Moskvanın, həm də Vaşinqtonun vasitəçilik səylərində Azərbaycana sərf edən tərəflər də mövcuddur.

Ən vacib məqam sülh müqaviləsində kimin hansı pay alacağıdır, birinə az, digərinə isə çox pay düşəcək. Yəni yekunda sülh müqaviləsi imzalansa, ABŞ-la Rusiyanın maraqlarının konteksti nəzərə alına bilər.

Prosesdə alternativ güc isə Türkiyədir. Ankara Qərblə Moskva arasındakı tərəfdaşlıq balansını yaxşı qoruyub saxlayır və bununla əhəmiyyətli manevr sahəsi qazanır.

Rusiya və ya Qərb mərkəzli nizamın Azərbaycan-Ermənistan münasibətlərindəki dominant təsirlərini azaldan Türkiyə sülh müqaviləsini öz oyunçuluq nailiyyətləri ilə formalaşdırmağa çalışır.

Deməli, məntiq etibarilə, təkcə Qərb və Rusiya deyil, onların rəqabətinin yaratdığı boşluqlara peşəkarlıqla dolmağı bacaran Türkiyənin mövqeyi hakimlik taxtına çıxmağa iddialıdır.

Aqşin Kərimov

Sülh müqaviləsi üzrə layihələndirmənin bu üçbucaq daxilində sınanılmasının konstruktiv nəticə doğuracağı ehtimallarını da kənara qoya bilmərik. Lakin yekun hərtərəfli müqavilənin imzalanması daha geniş şəkildə dərinləşən regional və qlobal eskalasiyaların nəticələri ilə də əlaqəlidir.

İndiki məqamda Azərbaycan-Ermənistan münasibətləri üzrə ikitərəfli format qabardılır, hərçənd düşünürəm ki, təkbətək müzakirələrin arxa səhnəsində oyunçular mövcuddur”.

Turan Rzayev
Globalinfo.az