Sülh müqaviləsinin imzalanacağı şəhərlərin adları açıqlandı – Şərh

 

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı təmaslar davam edir. Ortada bir sülh sənədi var. Lakin hələlik çiy və müzakirəyə ehtiyacı olan bir sənəddir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhə mane olan başlıca məsələ Qarabağ münaqişəsi idi:

“Rəsmi Bakı məsələni həll etdi. Faktiki olaraq bu gün belə bir münaqişə yoxdur. Yəni Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar, sülh prosesi “Ermənistan Azərbaycan” münaqişəsini həll etmək üçündür.

Sülh prosesi istiqamətində mühüm işlər görülüb. Xüsusilə Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında bir sənəd tərtib edilib. Vaxtaşırı tərəflər öz təkliflərini əlavə edərək bu sənədi bir-birinə göndərir. Yəni geridə qoyduğumuz 30 il ilə müqayisədə bu mühüm hadisədir. Tərəflərin bir sülh sənədini müzakirə etməsi belə təqdirəlayiqdir.

Lakin Ermənistanın məsələni uzatması da qəbul edilə bilməz. Prosesin uzanması geosiyasi vəziyyətin dəyişməsinə, Ermənistan üçün yeni fürsətlərin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan hazırkı mərhələdə ilkin sülh sazişin imzalanması vacibdir”.

Politoloq delimitasiya və demarkasiya prosesi haqda danışıb:

“Bir sıra prinsipial məsələlər ilə bağlı razılıq əldə edilsə də delimitasiya və demarkasiya məsələsi ilə bağlı razılıq tam əldə edilməyib. Çünki bu məsələdə iki məqam tərəflər arasında fikir ayrılığına səbəb olur:

1.Anklav, eksklav məsələsi;

2.Delimitasiya və demarkasiyanın hansı xəritələr əsasında aparılması;

Əslində hər iki məsələnin də həlli çətin deyil. Sadəcə danışıqlar üçün bir araya gəlinməli, detallı müzakirə aparılmalıdır.

Azərbaycanın məsələyə yanaşması obyektiv və konstruktivdir. Yəni prosesin uzanması bizim maraqlarımıza uyğun deyil. Ermənistan da bənzər formada mövqe sərgiləsə, bu məsələ qısa zamanda həll edilə bilər”.

Hüseynli sülh sazişinin harada imzalanmasına aydınlıq gətirib:

“Sülh sazişinin hansı ölkədə imzalanması elə də vacib deyil. Burada əsas məsələ tərəflərin razılığa gəlməsidir. Problemli əsas məsələlərin həll edilməsi daha vacibdir. Lakin bununla belə sülh sazişi Tbilisidə, Ankarada, hətta Moskvanın özündə belə imzalana bilər”.

Turan Rzayev
Globalinfo.az