Sərhədimizə III ölkəni gətirmək istəyirlər – Nələr gözlənilir?

Brüsseldə səfərdə olan erməni deputatlar Avropa İttifaqının diplomatları ilə görüşüblər. Görüş çərçivəsində siyasət və təhlükəsizlik üzrə ikitərəfli dialoqun növbəti raundunda qurumun Azərbaycan-Ermənistan sərhədində mülki missiyasının genişləndirilməsi, o cümlədən üçüncü ölkələrin cəlb olunmasını müzakirə ediblər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov qeyd edib ki, kollektiv Qərb Azərbaycana təzyiqləri artırmağa çalışır:

“Bu prosesdə ABŞ-la Qərbi Avropanın yekdil olmasının şahidiyik. Bir çox qlobal məsələlərdə onlar ayrı-ayrı hərəkət edir, maraqları üst-üstə düşmür. Lakin Cənubi Qafqazda kollektiv şəkildə Ermənistanı dəstəkləyirlər. Əsasən də sentyabrın 19-20-sində baş tutan proseslərdə Azərbaycanı hansısa qaydaları pozmaqda günahlandırırlar.

Bu, dövlətimizin suveren haqqı idi. Ərazilərimizdə qalan 10 minə yaxın erməni silahlısı terrorla məşğul olur, gərginlik yaradırdılar. Xatırladım ki, 2 mina partlayışı nəticəsində 6 vətəndaşımız həyatını itirdi. Bu zaman dövlət başçımız anti-terror əməliyyatlarının başlamasına “yaşıl işıq” yandırdı”.

Tofiq Abbasov

Politoloqun fikrincə, Azərbaycan-Ermənistan sərhədində mülki missiyanın genişləndirilməsi, buraya cəlb olunan ölkələrin sayının artması Qərbin oyunbazlığını göstərir:

“Ermənilər Qarabağdan öz “rəhbər”lərinin göstərişi ilə çıxdıqdan sonra Azərbaycanı guya etnik təmizlikdə günahlandırmağa başladılar. Bunu süni sürətdə böyütməyə, vəziyyəti beynəlmiləlləşdirməyə çalışırlar. Çünki qələbəmizi rahat həzm edə bilmədilər.
Qərbin bu addımları əbəsdir. Artıq rəsmi Bakı məsələyə münasibət bildirib. Bizim mövqeyimizi cılız yanaşmalarla sarsıtmaq mümkünsüzdür”.

Safura Bənnayeva
Globalinfo.az