Separatçı polkovnik həbs edildi: Qarabağdakı cinayətləri…

Keçmiş qondarma rejimin separatçı qüvvələrinin polkovniki Norayr Aslanyan 5 aya yaxındır ki, Ermənistanda həbsdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Armen Andrikyan məlumat yayıb.

Vəkil N.Aslanyanın Qarabağda odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində ittiham olunduğunu, lakin həmin silahların erməni polkovnikə rəsmi şəkildə verildiyini bildirib.

Vəkili onun qəsdən həbsdə saxlanıldığını iddia edir:

“Hərbçinin azadlıqdan məhrum edilməsini müxtəlif yollarla rəsmiləşdirməyə çalışırlar. Bu işin Ermənistan İstintaq Komitəsinə deyil, Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq ofisinə verilməsi diqqətçəkən məqamdır. İttihamlar absurddur, məhkəmə bu barədə sübutlarımızı qəbul etmir. İstintaq zamanı onun həbsdə saxlanılması iki səbəblə əsaslandırılıb. Birincisi, cəmiyyətdə nüfuza sahib olduğu üçün istintaqa mane ola bilməsin, ikincisi, Qarabağdan qaçaraq işdən yayınmasın. Lakin Qarabağ artıq boşaldılıb, əksəriyyət Ermənistana gəlib”.

Qeyd edək ki, N.Aslanyan 30 ilə yaxın müddətdə Ermənistan ordusunda xidmət edib və bir çox mükafatlara layiq görülüb. Daha sonra Qarabağa gələrək separatçı qüvvələrdə vəzifə tutub.

Ayşən Mustafa
Globalinfo.az