ŞOK İDDİA: Bakı F-35 qırıcısı alır, ölkədə İsrail bazası yaradılır

İran-Azərbaycan gərginliyinin davam etdiyi vaxtda bir sıra maraqlı iddialar ortaya atılır. Həmin iddialardan ən diqqətçəkəni isə Azərbaycanın İsraildən iki ədəd ABŞ istehsalı 5-ci nəsil qırıcı təyyarəsi olan F-35 istəməsidir. Bəzi iddialara görə, rəsmi Bakı Təl-Əvivdən həmin təyyarələri satmasını istəyib, hətta bunun müqabilində Azərbaycanda İsrail hərbi bazasının yaradılması da təklif edilib.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu iddialar doğru deyil:

“İsrail istəsə belə, Azərbaycana F-35  təyyarələrini verə bilməz, çünki 907-ci düzəliş hələ də qüvvədədir. Bu düzəliş Azərbaycana ABŞ istehsalı olan hücum vasitələrinin satışının qarşısını alır. Digər tərəfdən F-35-lər kifayət qədər bahalı təyyarələrdir. Belə ki, bir F-35 təyyarəsinin bir saat havada qalması orta hesabla 44 min dollara başa gəlir.

İndiki məqamda F-35-lərin Azərbaycanda istifadəsi də mümkün deyil. Onları idarə etmək üçün bütün hərbi hava qüvvələrin sistemi də uyğunlaşdırılmalıdır. Bundan başqa pilotların hazırlığı üçün də kifayət qədər uzun müddət lazımdır”.

Ekspert hesab edir ki, Azərbaycan gələcəkdə F-35 təyyarələrini əldə edə bilər:

“Hələlik bu real olmasa da, perspektivdə mümkündür. Bunun üçün əvvəlcə ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq inkişaf etdirilməli, hərbi əməkdaşlıq genişləndirilməlidir.

Nəzərə almaq lazımdır ki, ABŞ F-35 təyyarələrini NATO üzvü olan bir çox ölkəyə verməkdən imtina edib”.

Ə.Verdiyev İsrailin Azərbaycanda hərbi baza qurması iddialarına da münasibət bildirib:

“Mən bunu real hesab etmirəm. Hələlik bu istiqamətdə danışıqların getdiyini düşünmürəm. Amma İsrail ilə hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Hazırda buna İsrail və Azərbaycan ictimaiyyəti də müsbət münasibət göstərir”.

Turan Rzayev
Globalinfo.az