Sensasion həbslər gözlənilir – Yanvardan yeni hadisələr yaşanacaq

 

Bu il Azərbaycan hakimiyyəti daxildəki təxribatçı qrupların, özgə maraqlarına oynayan klanların, fiqurların zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atdı. Naxçıvan əməliyyatı ilə başlayan yeni proses keçmiş baş prokurorun, hazırkı hərbi prokurorun hədəfə alınması ilə davam edir, “Tərtər işi” məsələsi isə gələn il də aktual olacaq. Beləliklə, gələn il sensasion həbslərin və işdən çıxarılmaların şahidi ola bilərik.  

Politoloq Əhəd Məmmədli Globalinfo.az-a bildirib ki, hələlik sensasion həbs yoxdur, sadəcə olaraq işdən çıxarılmalar var:

“Ən böyük işdən çıxarılmalara aid olan istər Ramiz Mehdiyev, istərsə də Vasif Talıbov özləri istefa ərizələrini verdilər. Biz bütün bu köhnədən qalan, Rusiya ilə ciddi bağlılığı olan, hakimiyyətin iriçaplı fiqurlarının istefaya göndərilməsini, həbs edilməsini gözləyirik. Hələlik bu proses üç-dörd icra başçısı səviyyəsində gedir ki, bu da irimiqyaslı sayıla bilməz. Ən yaxşı halda nazir müavini həbs edilir, o da bir neçə aydan sonra azad edilir. Ən böyük həbslərdən isə keçmiş nazir Səlim Müslümovun həbsini göstərmək olar ki, o da sonradan ev dustaqlığına buraxıldı”.

Ekspertin fikrincə, xalq, cəmiyyət illərdir onları sömürən fiqurların cəzalandırılmasını gözləyir:

“Göründüyü kimi, hakimiyyət buna hələ tam olaraq risk etmir. Ola bilsin ki, Qarabağ problemi tam həll edildikdən və Azərbayan Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra daha rahat şəkildə iri məmur şəbəkəsi ilə mübarizə aparılacaq”.

Gülnar Səlimova
Globalinfo.az