semkir

Şəmkir şəhərində yerləşən Xəqani İbrahimli Parkında aparılan işlərlə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlarla əlaqədar bildiririk ki, Şəmkir şəhərində Fərman Qurban oğlu Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə heykəlin ucaldılması Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib.

“Bununla yanaşı qeyd edirik ki, sözügedən parkda vaxtilə şəhid Xəqani İbrahimlinin büstü mövcud olmuş, 2013-cü ildə Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində büst götürülüb. Son günlər bəzi sosial şəbəkə səhifələrində Xəqani İbrahimlinin büstünün guya Fərman Salmanovun heykəlinin ucaldılması məqsədilə götürülməsi, həmçinin parkın adının dəyişdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Hazırda Xəqani İbrahimli adına parkda abadlıq işləri aparılmaqdadır. Abadlıq işləri yekunlaşdıqdan sonra şəhidin ailə üzvlərinin də razılığı ilə büstün əvvəlki yerinə qaytarılması nəzərdə tutulub.

Bir daha vurğulayırıq ki, Şəmkir Rayon İcra Hakimiyyəti şəhidlərin əziz xatirəsinə hər zaman yüksək ehtiram və diqqətlə yanaşır”, – məlumatda vurğulanıb.

***10:37

Şəmkirdə şəhid Xəqani İbrahimlinin büstünün parkdan götürülməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, şəhidin parkdakı büstü götürülüb və yerində geoloq alim Fərman Salmanovun heykəlinin ucaldılması nəzərdə tutulur.

İddia olunub ki, şəhidin ailəsi ilə əlaqə saxlanılıb və Xəqani İbrahimlinin büstünü öz hesablarına hazırlatdırmaları bildirilib. Daha sonra isə büstün parkda yerləşdirilməsi məsələsinə baxılacağı qeyd olunub.

Məsələ ilə bağlı Globalinfo.az Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, şəhid Xəqani İbrahimlinin büstü indi deyil, təxminən, 10 il öncə götürülüb:

“Bu iddia ilə bağlı açıqlama verəcəyik. Məlumatı sanki bu gün götürülübmüş kimi təqdim edirlər, amma elə deyil”.

WhatsApp Image 2026 09 15 at 10.49.42

Şəhid Xəqani İbrahimlinin büstü

İH sözügedən ərazidə geoloq alim Fərman Salmanovun adını daşıyan park yaradılması xəbərini də təkzib edib:

Fərman Salmanovun adını daşıyan park yaradılmır. Parkın adı ümumiyyətlə dəyişdirilmir. Sadəcə, orada Fərman Salmanovun heykəli qoyulur”.

Qeyd edək ki, Xəqani İbrahimli Şəmkir rayonunun ilk şəhididir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: