semistan nezirli

“Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak üçün Qazaxda olan Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyası İncəsənət Mərkəzində keçirilən sərginin açılışında iştirak edib, sərgi iştirakçıları ilə öz şəxsi arxivindən olan tarixi fotolar və məlumatları bölüşüb”.

Globalinfo.az bildirir ki, bu gün tədbirdə qəflətən vəfat edən tədqiqatçı jurnalist Şəmistan Nəzirlinin ölümü ilə bağlı ADA Universitetindən Teleqraf-a verilən məlumatda belə deyilir.

Bildirilir ki, Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyasının bərpası prosesində ilk günlərdən yaxından iştirak edib:

“Onun Seminariyanın tarixi əhəmiyyəti barədə araşdırmaları bu elm ocağının əvvəlki ruhunu bərpa etmək üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Seminariyanın xüsusi tədqiqatçılar qrupunun dəyərli üzvü kimi o hər zaman buradakı tədbirlərdə böyük həvəs və coşqu ilə iştirak edərdi. Onun tarixin unudulmaması uğrunda apardığı elmi araşdırmaları gələcək nəsillərə bir mirasdır.

Şəmistan Nəzirlinin Azərbaycana, Qazağa, Seminariyaya ürəkdən bağlılığını və sədaqətini nəzərə alaraq, onun məhz belə bir gündə və məkanda vəfatı bizi və tədbir iştirakçılarını dərindən təsirləndirdi. O ölkəmizə, onun tarixinə olan sevgisi ilə yaddaşlarda daim qalacaqdır” .

Qeyd edək ki, hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli bu gün ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirində qəfil vəfat edib.

***16:07

Bu gün 83 yaşında vəfat edən hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda, həyat yoldaşı və oğlunun məzarlarının yanında dəfn ediləcək.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-a Qazax Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.

Onun sözlərinə görə, mərhumun ürəyində problem olub. Bir il əvvəl ürəyinə stend qoyulub və əməliyyat keçirilib. Başqa ciddi sağlamlıq problemi olmayıb:

“Yaddaşı çox güclü idi, danışığında da problem yox idi. Hadisə Qazaxda keçirilən tədbir zamanı baş verib. İndi isə Bakıda yaşadığı evə aparılır. Məndə olan məlumata görə, Bülbülə qəbiristanlığında dəfn olunacaq”.

Səbinə Yusif əlavə edib ki, mərhumun iki oğlu olub, biri bir neçə il əvvəl dünyasını dəyişib. Həyat yoldaşının da vəfatından sonra o, yeganə oğlu ilə birlikdə Bakıda yaşayıb.

Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Əsli Qazaxdandır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayıb. Tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin “Xatirələrim” kitabı 1984-cü ildə “Azərnəşr” tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılıb.

Müxtəlif mövzularda (Qori Müəllimlər Seminariyası, Səməd Vurğunun həyat yolu və sair) araşdırmalar aparsa da, daha çox 20-ci əsr Azərbaycan hərbçilərinin, o cümlədən Cümhuriyyət generallarının həyat və fəaliyyətinin tədqiqatçısı kimi tanınıb.

***14:13

Azərbaycan hərb tarixinə ağır itki üz verib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.

“Qazax” Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.

Paylaş: