“Şəhər dayanıqlılığından danışarkən insanların ağlına ilk olaraq infrastruktur, nəqliyyat sistemləri və dayanıqlı memarlıq gəlir. Bunlar vacibdir, amma çox vaxt diqqətdən kənarda qalan əsas amil kommunikasiya olur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva WUF13 çərçivəsində keçirilən tədbirdə səsləndirib.
O bildirib ki, şəhərlər yalnız beton, kərpic və siyasət sənədləri ilə deyil, etimad və iştirakçılıq üzərində qurulur:
“Şəhərlər ilk növbədə icmalardır. İnsanlar özlərini prosesin passiv izləyicisi deyil, gələcəyi formalaşdıran aktiv iştirakçısı kimi hiss etdikdə şəhərlər həqiqətən dayanıqlı olur”.
Müəllim qeyd edib ki, şəhərlərə artan axının əsas səbəbi imkanlardır:
“Şəhərlər iqtisadi inkişafın, innovasiyanın, təhsilin və sosial həyatın mərkəzidir. Gənclər daha yaxşı imkanlar üçün regionlardan paytaxta üz tutur. Lakin bu proses şəhərlərdə bərabərsizliyin də artmasına səbəb olur”.
Zaira Akifqızı
Globalinfo.az