Berlində Bundestaq yanında fəaliyyət göstərən nüfuzlu Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda tədbir keçirilib.
Bu barədə Globalinfo.az-a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Tədbir Almaniyanın ICI İnstitutunun və Lüdviq Maksimilian Universiteti tərəfindən təşkil olunub.
Almaniyada bu formatda ilk dəfə təşkil olunan və AFR-in hökumət təmsilçiləri, Bundestaq üzvləri, ekspertlər, jurnalistlər, Almaniyanın siyasi, iqtisadi və elmi həyatında tanınmış şəxslərin iştirak etdiyi tədbirdə, AFR xarici işlər naziri Yohan Vadeful, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, eləcə də Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan çıxış ediblər.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sabiq sədri kimi keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə yaxından tanış olduğunu və o zaman hər iki ölkənin səfirləri ilə bu mövzunu mütəmadi şəkildə müzakirə etdiyini diqqətə çatdırıb. Nazir sülh prosesində ötən il əldə olunan nəticələrin hər iki ölkənin böyük nailiyyəti, eləcə də Avropa tarixində mühüm hadisə olduğunu vurğulayıb. Y.Vadeful bu nailiyyətlərin gələcəyə ümidlə baxmağa əsas yaratdığını qeyd edərək bildirib ki, Almaniya bu prosesə bundan sonra da töhfə verməyə hazırdır. Nazir deyib ki, bu sülh hər iki ölkə üçün Avropa İttifaqı ilə sabit və etibarlı münasibətlər qurmaq baxımından da geniş imkanlar yaradır.
Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet çıxışında hər iki ölkənin səfirlərinin iştirakı ilə Berlində belə bir tədbirin ilk dəfə keçirilməsini yüksək dəyərləndirib. O bildirib ki, bu proses təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda, Almaniya üçün də önəmlidir, çünki Mərkəzi Asiyaya yeni nəqliyyat və dəmir yolu əlaqələri açılacaq ki, bu Avropa üçün də vacibdir. A.Laşet, həmçinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən il Azərbaycana və Ermənistana ilk rəsmi səfərində iştirak etdiyini xatırladaraq, ölkəmizin zəngin tolerantlıq ənənələrini və bütün dinlərin nümayəndələrinin dinc şəkildə birgə yaşamasını xüsusi vurğulayıb.
Səfir Nəsimi Ağayev çıxışında bildirib ki, 2020-ci ilin Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyi ilə ölkəmiz regionda davamlı sülh və sabitliyin əldə olunması istiqmətində əməli fəaliyyətə başlayıb. Məhz Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub, sülh sazişinin əsas prinsiplərini irəli sürüb və onun ilk layihəsini təqdim edib. Danışıqlar ikitərəfli formatda aparılsa da, Almaniya xüsusilə həlledici mərhələdə konstruktiv rol oynayıb. Ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitində tərəflər birgə bəyannamə imzalayaraq və sülh sazişini paraflayaraq, münasibətlərdə yeni səhifə açıblar.
N.Ağayev dayanıqlı və hüquqi baxımdan möhkəm sülh üçün Ermənistan Konstitusiyasının sülh sazişinin prinsiplərinə tam uyğunlaşdırılmasının, Azərbaycana qarşı bütün ərazi iddialarının tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Səfir, sülhün gücləndirilməsi istiqamətində Azərbaycanın son aylarda atdığı konkret addımları diqqətə çatdırıb, həmçinin parlamentlər və vətəndaş cəmiyyətləri arasında dialoqun gücləndiyini qeyd edib.
TRIPP marşrutunun önəminə toxunan N.Ağayev bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz əlaqənin bərpasını nəzərdə tutan bu marşrut sülhü ortaq iqtisadi maraqlarla daha da möhkəmləndirəcək. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir ki, bu da Avropa və Almaniya üçün təchizat zəncirlərini yaxşılaşdıracaq. N.Ağayev bu marşrutun yaradılması üçün öhdəliklərin tam və vaxtında icrasının vacibliyini qeyd edib.
Çıxışlardan sonra səfirlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Tədir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Yanvarın 27-də Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan “Cənubi Qafqazda dönüş zamanı: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq əlaqəsi” mövzusunda keçirilən müzakirədə iştirak ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan səfiri Viktor Yengibaryan çıxışında Almaniya hökumətinə, həmçinin əvvəllər Bundestaqın Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri olmuş Federal xarici işlər naziri Yohann Vadepulaya əvvəlki dövrdə göstərilən konstruktiv fəaliyyət və dəstəyə görə təşəkkür edib.
Tədbirdə onlarla ekspert, parlament üzvü və media nümayəndəsi iştirak edib. Müzakirə Münhen Maksimilian Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.







