Ermənistanın 1 sentyabr təxribatından sonra regionda müharibə təbilləri çalınmağa başladı. Bir çox ekspert iki ölkə arasında yeni müharibənin başlayacağına dair fikirlər səsləndirirdi. Lakin son günlər sanki müharibə riski xeyli azalıb.
Maraqlıdır, bu vəziyyət nisbidir, yoxsa yenidən gərginliyin artma ehtimalı var? Azərbaycan-Ermənistan münasibətləri bundan sonra necə olacaq?
Qədir Aslan
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Qədir Aslan deyib ki, Ermənistanın niyyəti müharibə etmək deyil və bu, sadəcə bir imitasiyadır:
“Rəsmi İrəvan böyük ölçüdə havadarlarının təhriki ilə hərəkət edir. Yəni onlar deyir ki, sən istədiyini et, biz arxandayıq. Lakin göründüyü kimi, Ermənistanın təxribatları qısamüddətli oldu və heç də böyük toqquşmalar baş vermədi.
Çünki Azərbaycan Ermənistanı yaxşı tanıyır və onun nə etmək istədiyini bilir. Buna görə də Ermənistanın provokasiyalarına qətiyyən getmədik. Əvəzində isə düzgün atılmış addımlar ilə Xankəndi-Ağdam yolunun açılmasına nail olduq. Bu çox mühüm nailiyyətdir. Hesab edirəm, hətta “Laçın” nəzarət buraxılış məntəqəsinin qurulmasından sonra ən ciddi uğurumuzdur.
İndiki məqamda Ermənistan-Azərbaycan danışıqlar prosesi yeni mərhələyə qədəm qoyacaq. Daha dəqiq desək, Ermənistanda qarşıdan gələn seçki prosesindən sonra iki ölkə arasında danışıqlar prosesi yenidən başlayacaq. Xüsusilə bu proses Brüssel və Vaşinqton formatları ilə davam edəcək. Düzdür, tərəflər Soçidə də bir araya gəlib, ancaq bu görüşün effekti azdır.
Ona görə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin başlanmasını yeni mərhələ adlandırıram ki, çərçivə sazişi əldə oluna bilər.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi sazişin 70 faizi hazırdır. Qalan 30 faiz prinsipial məsələlərdir. Onların həlli də növbəti görüşlərdə baş tuta bilər”.
Turan Rzayev
Globalinfo.az