Rusiyanı dayandırmalıyıq, əks halda… – Mişel narahatdır

“Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Avropa İttifaqı “müharibə iqtisadiyyatı”na keçməli və Kiyevin qələbəsi üçün hər şeyi etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” başlıqlı məqaləsində qeyd olunur.

Ş.Mişel məqalədə Rusiyanın hərbi əməliyyatlarının başlamasından az sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından bəhs edib:

“Telefonda Ukrayna prezidentinin ümidsiz səsini eşidirdim. Deyir ki, üstümüzə bombalar yağır, bu, genişmiqyaslı işğaldır. O andan etibarən İkinci Dünya müharibəsindən bu yana dünyada mövcud olan bütün təhlükəsizlik sistemi dəyişib. Avropa İttifaqı da sürətlə dəyişməlidir. Müharibənin davam etdiyi müddətdə gördük ki, Rusiyanın Krımda olduğu kimi, Ukraynada da dayanmayacaq. Kreml Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Balkanlarda və hətta Afrika qitəsində sabitliyi pozan startegiyasını davam etdirir”.

Mişel Rusiyaya qarşı tədbir görülməyəcəyi halda növbəti hədəfin Avropa olacağını deyib:

“Moskvaya düzgün reaksiya verməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər yardım göndərməsək, növbəti hədəf biz olacağıq. Təhlükəsizliyimiz üçün məsuliyyət götürməyin vaxtıdır. Biz artıq başqalarına arxalana, ABŞ-da və ya başqa bir yerdə seçkilərin nəticələrini gözləyə bilmərik”.

Ayşən Mustafa
Globalinfo.az