Şarl Mişel onu səlahiyyətlərini aşmaqda ittiham etdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin xarici siyasət təşəbbüslərini tənqid edib və onu səlahiyyətlərini aşmaqda ittiham edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.

Belə ki, Mişel alman nəşrinə müsahibəsində AK Prezidentinin vəzifə səlahiyyətlərindən sui-istifadəyə misal olaraq Tunislə miqrasiya müqaviləsini göstərib. Avropa Şurasının rəhbərinin sözlərinə görə, fon der Lyayen bunu Niderland və İtaliyanın Baş nazirləri Mark Rutte və Corcia Meloni ilə birlikdə imzalayıb, lakin Aİ Şurası “kənarda qalıb”.

Avropa Komissiyasının sözçüsü Arianna Podesta Mişelin bəyanatını “qismən yalan” adlandıraraq, Avropa Komissiyasının yayın əvvəlindən Tunislə razılaşmaya dair danışıqlar apardığını və danışıqların ən mühüm məqamları və gedişatı barədə dəfələrlə üzv dövlətlərin səfirlərinə hesabat verdiyini qeyd edib.

“Komissiya 2023-cü ilin iyununda qəbul etdiyi nəticələr də daxil olmaqla, Avropa Şurasının tam siyasi dəstəyinə malikdir və qeyri-qanuni miqrasiya ilə mübarizədə praktiki və effektiv irəliləyiş əldə edir”, – Podesta vurğulayıb.

“Spiegel”in qeyd etdiyi kimi, bir tərəfdən Mişel AK rəhbərini səlahiyyətlərini aşmaqda ittiham edir, digər tərəfdən isə o, Ukraynaya 2030-cu ilə qədər üzv olmaq perspektivini təklif etməklə öz səlahiyyətlərini aşır: bu, qoşulma qaydalarında heç bir şəkildə nəzərdə tutulmayıb. Qəzet iki avropalı məmur arasındakı münaqişəni “hakimiyyət uğrunda qəribə mübarizə” adlandırır.

Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasının Prezidentidir. Aİ Şurası Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarından ibarət Avropa İttifaqının ali siyasi orqanıdır. O həmçinin Aİ-nin inkişafının əsas strateji istiqamətlərini müəyyən edir.

Ursula fon der Lyayen də 2019-cu ilin dekabrından Aİ-yə rəhbərlik edir. Avropa Komissiyası qanun layihələrinin hazırlanmasına, Avropa Parlamentinin və Şuranın qərarlarının icrasına, Aİ müqavilələrinə və digər hüquqi aktlara riayət olunmasına nəzarətə cavabdeh olan Avropa İttifaqının ən yüksək icra orqanıdır. Komissiya kabinet kimi fəaliyyət göstərir və qeyri-rəsmi olaraq komissar adlanan 27 üzvdən ibarətdir.