Şahramanyanın məktubu yayıldı – Görün nə xahiş etdi

Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub yazıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Aysor” saytı yazıb.

Sözügedən məktubun prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərildiyi bildirilir.

Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.

O bildirib ki, “artsaxın hakimiyyət orqanları” “məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır.

Qeyd edək ki, İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. Şahramanyanın komissiyaya ifadə verməyə gedib-getməyəcəyi məlum deyil. Onun bu dəvətdən sonra baş prokurora müraciət məktubu ünvanlaması diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az