Şagirdlərlə bağlı hadisənin GİZLİNLƏRİ – “15 yaşında çadrada ərə verilib…”

Yəqin ki, 156 nömrəli məktəbin XI sinif şagirdinin həmcinsinə qarşı qeyri-etik davranışına dair görüntüləri izləmisiniz. Şəxsən mən izləyib dəhşətə gəldim.

Bənzər hadisə başıma gəlməsə də, məktəb illərində şahidi olmuşam. Yəni bu kimi hadisələr nə ilkdir, nə də son…

Əvvəllər daha çox oğlanlar arasında belə hadisələr yaşanırdı. Məktəb arxasında, zirzəmilərdə ya da məktəb ərazisinə yaxın yerlərdə kruq davaları, bəzən isə təklənən, zorakılığa məruz qalan bir uşağa rast gəlmək olardı. Görünür, ildən-ilə bu məsələdə də cinsi fərq aradan qalxıb və “bərabərlik” təmin edilib.

Videoda görünür ki, XI sinif şagirdi IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik hərəkət edir. Maraqlıdır ki, bu hərəkəti edən qızlar kimi təhqirə məruz qalan qız da sudan çıxmış ağ qaşıq deyil. Onun da bir müddət öncə həmin qızlardan birinə hansısa formada zərər vurduğu deyilir.

Məqsədim kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək deyil. Burada məsələ həmin yeniyetmələrin və onların timsalında bu yaş kateqoriyasında olanların niyə bu hala düşdüyünü analiz etməkdir.

Təbii ki, ilk ağıla gələn variant təhsil, məktəblərdəki mövcud vəziyyət və sairdir. Məktəblərdəki vəziyyətin necə olması və təhsil sistemindəki boşluqlar hər kəsə bəllidir. Bu, problemin bir tərəfidir, lakin məsələnin kökü məktəb deyil. Çünki bu uşaqlar artıq məktəbləri işğal ediblər. Bəli, düz oxudunuz, işğal ediblər.

Belə ki, əvvəllər müəllimlərin kölgəsindən qorxan, ona cavab qaytarmağa cəsarət etməyən şagirdlər bu gün tam fərqli vəziyyət yaradıblar. Müəllimlər şagirdlərdən, sosial qınaqdan, valideynlərdən qorxurlar. Necə deyərlər:

Zəmanəmiz kəllə-mayallaq gedir,

Dalda böyük qabaqda uşaq gedir.

Bu gün hamılıqda düşünməliyik: Kimdir günahkar?

Yadıma Hüseyn Cavidin “Qız məktəbində” şeiri düşdü:

“Müəlliməm hər gün söylər, onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”, – deyirdi Gülbahar.

O qızların bir əsr öncə yaşamış Gülbaharla yaxından-uzaqdan əlaqəsi var?

Bəs, görəsən, bir-birini təhqir edən bu qızcığazlar anlayırlarmı ki, bir əsr öncə onların taylarını məcburi şəkildə, 15 yaşında çadrada ərə verirdilər?

Məncə, bu sualların cavabı Hüseyn Cavidin qeyd etdiyim şeirindədir.

“Pəki, sənin anan, baban varmı?

— Var”.

Əslində, problem də budur. Ana və ata!

Təəssüf ki, bu “Z” nəslini belə azğınlaşdıran, əndazədən çıxaran ən az onlar kimi problemli ana-atalarıdır. Övladına hər istədiyini alan, hər istədiyini edən, başqa sözlə, onlara tanrı kimi sitayiş edən valideynlərdir günahkar. Əslində, özləri də bilmədən pampersli canavarlar yetişdirirlər. Daha sonra bu canavarlar da böyüyüb başqalarına zülm edir, onların travmalı yetişməsinə səbəb olur.

Mənə görə problemin kökü ailələrdir. Etiraf edək ki, milli-mənəvi dəyərlərdən uzaqlaşırıq. “Mentalitet” deyib qara yaxılan ailə dəyərlərimiz pozulub, cəzasını isə hamı çəkir.

Hər ev bir fərd yetişdirir. Hər fərd bir vətəndaşdır. Vətəndaşlar isə dövləti dövlət edən əsas ünsürdür.

Gəlin “Z”əkalı nəsil yetişdirək! “Z”ombi nəsli yox!

Turan Rzayev
Globalinfo.az