Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Elçibəy hakimiyyətinin tanınmış simalarından olmuş Tofiq Hüseynli – ictimaiyyət arasında daha çox “Qara Tofiq” kimi tanınan dövlət xadimi vəfat edib. O, doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
T.Hüseynli həm də Müsavat Partiyası sıralarında siyasətlə məşğul olub. Maraqlıdır, partiya yoldaşları onun dəfnində iştirak edibmi?
Globalinfo.az-a danışan Azərbaycanın keçmiş baş naziri, AXC partiyasının sədri Pənah Hüseyn dəfndə iştirak etmədiyini deyib:
“Düzü, dəfnindən gec xəbərimiz oldu, əlaqə saxladıq və öyrəndik ki, Tovuzda dəfnə hazırlaşırlar. Düşündük ki, onsuz da çata bilməyəcəyik”.
Sabiq material ehtiyatları naziri Şəmsəddin Rəhimov təəssüf hissi ilə gedə bilmədiyini qeyd edib:
“Elə bilirdim, hələ Ankaradadır. Sonra öyrəndim ki, üç-dörd gün əvvəl Bakıya gətirilibmiş. Təəssüf ki, dəfn mərasimində iştirak edə bilmədim. Sonrakı anım mərasimlərində də iştirak etməyi düşünürəm”.
Ş.Rəhimov Tofiq Hüseynli ilə münasibətlərinin çox dərin olduğunu vurğulayıb:
“Münasibətimiz çox gözəl olub. Belə itkilər insanı həmişə sarsıdır. Bəzi insanların itkisi daha ağır hiss olunur. Tofiq müəllim Azərbaycan xalqının çox dəyərli, ləyaqətli, əsl kişi simvolu olan insanlarından biri idi. O, həm şəxsiyyəti, həm də davranışı ilə hər zaman hörmət qazanmışdı. Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndə idi. Həmin çətin dövrdə əlindən gələn bütün imkanlardan istifadə etdi, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışdı. Ola bilsin ki, həmin dövrün idarəçiliyində müəyyən nöqsanlar olub. Mən o detallara toxunmaq istəmirəm. Demək istədiyim odur ki, Tofiq müəllim öz şəxsiyyətinə olan hörməti ömrünün sonuna qədər qoruyub saxlayan, sözü ilə əməli bir olan, Azərbaycan üçün çox dəyərli bir insan idi. Allah rəhmət eləsin”.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da dəfndə iştirak etmədiyini açıqlayıb:
“Açığı, Tofiq Hüseynli Avropada yaşadığı üçün son illərdə görüşmək imkanımız olmayıb. Hətta elə Avropada dəfn olunduğunu düşünürdüm. Müsavat Partiyası hansısa şəkildə yas mərasimində təmsil olunacaq”.
Qeyd edək ki, Tofiq Hüseynli 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, Politexnik İnstitutunun (Texniki Universitet) Texnologiya fakültəsini bitirib.
T.Hüseynli Tovuz rayon İstehsalat Kombinatında Texniki-Nəzarət şöbəsinin rəisi, Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini, Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
O, 1992-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, 4 mart 1993-cü ildə isə kənd təsərrüfatı naziri təyin edilib. Bir neçə ay nazir olan T.Hüseynli həmin ilin iyun ayında qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
T.Hüseynli 1994-cü il martın 25-də qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək həbs olunub. O, 1995-ci il yanvarın 18-də isə azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyası sıralarında siyasətlə məşğul olub. 2015-ci ildə təşkilatdan istefa verib. Bir neçə il əvvəl İsveçrəyə mühacirətə gedib.
Zaira Akifqızı
Globalinfo.az