Sabiq məmur haqda şok iddia: Leysan Məmmədovun ölkədən çıxışına “stop” qoyulub?

Binəqədi rayon icra hakimiyyəti başçısının sabiq birinci müavini Leysan Məmmədovla bağlı mediada vaxtaşırı məlumat yayılır. Onun adı tez-tez qalmaqallı olaylarda hallanır.

L.Məmmədovla bağlı növbəti xəbər ölkədən çıxışına “stop” qoyulması haqdadır.

Globalinfo.az-a verilən məlumata görə, Leysan Məmmədovun Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində rəhbər vəzifədə çalışdığı 15 illik dövrlə bağlı cinayət işi istintaq olunur.

Xəbəri Leysan Məmmədovla dəqiqləşdirmək cəhdlərimiz baş tutmadığı üçün iddianın nə qədər doğru, nə qədər yanlış olduğunu deyə bilmərik. Əgər L.Məmmədov danışmaq istəsə, məmnuniyyətlə mövqeyini dərc edərik.

Daxil olan məlumatı müəyyən ixtisarla təqdim edirik.

Mənbə bildirir ki, araşdırmalar çərçivəsində Leysan Məmmədovun və onun rəhbərliyi altında çalışmış Elmir Mehdiyevin, Cəbrayıl Bayramovun və Rövşən Rüstəmovun ölkədən çıxışlarına “stop” qoyulub.

Leysan Məmmədov 2006-cı ildə Gənclər və İdman Nazirliyinin (GİN)Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində əvvəlcə direktor müavini, 2009-cu il ildən 2021-ci ilin yayına qədər isə direktor vəzifəsində çalışıb. Həmin dövrdə Leysan Məmmədovun rəhbərliyi altında Şəmkir, Hövsan, İsmayıllı, Şağan, Ağdaş, Göyçay, Balakən, Tovuz, İmişli, Sumqayıt, Qəbələ, Astara Olimpiya İdman Kompleksləri, Kür Avarçəkmə müəssisəsi, Səadət Sarayının restavrasiyası, Tofiq Bəhramov adına Stadionun yenidən qurulması, Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri, çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektləri tikilib.

Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib. Bu haqda mətbuatda yazılanlardan aydın olur ki, Hesablama Palatasının 2013-cü ildəki hesabatına görə dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib.

Məlumata görə, Leysan Məmmədovun bilavasitə rəhbərlik etdiyi olimpiya idman komplekslərinin tikintisi ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib. Bildirilir ki, məsələn, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə OİK-in tikintisinə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə OİK-lərin tikintisinə təxminən 12 milyon manat, İsmayıllıdakı OİK-ə 11,5 milyon, Ağdaş, Şağan və Hövsandakı OİK-lərə 10, 5 milyon, Şəmkir və Balakəndəki OİK-lərə 10 milyon, Biləsuvar və Kürdəmirdəki OİK-lərə 9,2 milyon, Füzuli və Oğuzdakı OİK-lərə 8,5 milyon, Ağdamdakı OİK-ə 3,6 milyon, Sabirabaddakı OİK-ə isə 837 min manat vəsait xərclənib.

Dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı bu qədər böyük fərqin məntiqi izahını tapmaq mümkün deyil. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib.

Bu isə 10 milyonlarla manat mənimsəmə deməkdir.

Redaksiyamıza daxil olan məlumatda o da deyilir ki, Leysan Məmmədovun GİN-dəki fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində illərdir ki, araşdırma aparılır. Bir müddət araşdırmalar səngisə də, deyilir ki, hazırda istintaq aktiv fazaya keçirilib. Mənbəmiz bildirir ki, Leysan Məmmədov və qrupunun üzvləri yenidən istintaqa çağırılıblar. Onlardan mənimsənilən vəsaitin qaytarılmasının tələb edildiyi deyilir.

Bayram tətili olduğundan iddialara rəsmi qurumlardan mövqe öyrənə bilmədik. Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az