Ermənistanı tanımayan dövlətə Paşinyanın mesajı…

“Ermənistanın Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəməsi gözlənilən idi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə dedi ki, Azərbaycanla sülh müqaviləsi Pakistanla münasibətlərin inkişafına da təkan verəcək:

“Məlum olduğu kimi, Pakistan Ermənistanı dövlət kimi tanımır. Paşinyan bu açıqlaması ilə bir neçə mühüm mesaj vermək istəyib. Birincisi, özünü dünyaya “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. İkincisi, daxili ictimaiyyətə göstərmək istəyib ki, sülh müqaviləsi İrəvan üçün nə qədər vacibdir.

Kənan Novruzov

İndiyədək Azərbaycanın bir çox müttəfiqlərinin, o cümlədən Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanla soyuq münasibətlərinin əsas səbəbi torpaqlarımızın işğal altında olması idi. Təsadüfi deyil ki, ərazi bütövlüyümüz təmin olunandan dərhal sonra İrəvanla Bakı arasında sülh müqaviləsi məsələsi gündəmə gəldi. Həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması müzakirə olunmağa başlandı. İndi də proses davam edir. Ermənistan Pakistan və Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafında səmimidirsə, düşünürəm ki, müsbət cavab alacaq. Əlbəttə, bu məsələdə rəsmi Bakının da rəyi nəzərə alınacaq.

Hazırda dünyada qütbləşmə prosesi sürətlə gedir. Ermənistan başa düşür ki, kənarda qalır, təklənir. Bunun qarşısını almaq üçün öz tərəfini seçməyə məcburdur”.

Turan Rzayev
Globalinfo.az