Rusiyadan gələn xüsusi qonaq Bakıda nə razılaşdırıb? – Açıqlanmayan məqamlar…

“Rusiya ilə Azərbaycan arasında müzakirə oluna biləcək məsələlərin gündəliyi və bu məsələlərin müzakirə edilməsinə imkan yaradan vasitələr kifayət qədər genişdir. Bu səbəbdən, hər iki ölkəni maraqlandıran bütün məsələlərin baş nazir Mixail Mişustinin ölkəmizə səfəri zamanı müzakirə olunmasına xüsusi ehtiyac duyulduğunu düşünmürəm”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, hazırda Bakı ilə Moskva arasında bütün kanallar açıqdır və qarşılıqlı təmaslar fasiləsiz xarakter daşıyır:

“Yəni Rusiyanın baş nazirinin ölkəmizə səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını əhatə edən bütün məsələlər müzakirə predmeti olmaya da bilər. Amma qənaətimə görə, Mişustinin səfəri çərçivəsində regionda mövcud kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan marşrutları ilə bağlı məqamlar, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqəli məsələlər müzakirə oluna bilər. Çünki bu, ilk növbədə Rusiya üçün mühüm əhəmiyyət kəsb edən məsələdir.

Rusiya-Ermənistan münasibətlərinə gəldikdə isə zənnimcə, hazırda top Moskvanın meydanındadır və Kreml İrəvanın kəskin dönüşlərinə, öz maraqları və regionun təhlükəsizliyi müstəvisindən real reaksiyalar verməlidir. Hazırda Paşinyan hökumətinin davamlı anti-Rusiya addımlarının qarşılığında Moskvadan verilən bəyanatların yetərli olmadığını düşünürəm.

6 mart 2024-cü il. Mixail Mişustin Bakıda İlham Əliyevlə görüşür

Rəsmi İrəvanı və himayəçilərini çətin duruma sala biləcək addımların atılmasına ehtiyac var. Moskva bu istiqamətdə indiyədək öz nəzarətində, yaxud təsir dairəsində olan resursların, təzyiq imkanlarının heç birini işə salmayıb.

Məsələn, Ermənistan təbii qaza olan ehtiyacının 87,2%-ni Rusiyadan, 12,1%-ni isə İrandan idxal edilən qaz hesabına ödəyir. İxracın bir neçə həftəliyə dayandırılması və İrana da bununla bağlı yumşaq ifadə etsək, tövsiyə verilməsi Ermənistanı ciddi düşünməyə vadar edə bilər.

Yaxud Ermənistan neft məhsullarına olan ehtiyacının 74,3%-ni Rusiyadan, 8,8%-ni İrandan, 8,5%-ni Yunanıstandan, 4%-ni Türkiyədən, 2,4%-ni Gürcüstandan ödəyir. Bu istiqamətdə də Ermənistana qulaqburması vermək mümkündür. Yaxud bir neçə ay ərzində Rusiyadan Ermənistana maliyyə vəsaitlərinin köçürülməsində ləngimələrə yol verilə bilər.

Bütün bunlar ilk ağlagələnlərdir. Amma göründüyü kimi, Moskva hələlik bu vasitələrin heç birindən, hətta ilk ağlagələnlərindən belə istifadə etmək istəmir. Zənnimcə, Kreml artıq Ermənistandakı maraqları və regiondakı mövqeyi haqqında ciddi şəkildə düşünməli, İrəvanın bütün qırmızı xətləri keçmək niyyətində olduğunu qəbul etməlidir”.

Turan Rzayev
Globalinfo.az