kreml mosc 1

Rusiya Belarusdan 43 ton donuz yağının idxalını bloklayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Belarusun “Veles-Mit” MMC-si tərəfindən Qazaxıstandakı müəssisəyə tranzitlə göndərilən iki partiya donuz yağı saxta baytarlıq sertifikatı ilə daşınıb.

“Rosselxoznadzor” əməkdaşlarında məhsulun istehsalında istifadə olunan xammalın mənşəyi ilə bağlı şübhələr yaranıb.

Baytarlıq informasiya sistemindəki məlumatlara əsasən, xammal Danimarkadan gətirilib.

Bu səbəbdən qurum Belarus tərəfinə 28 iyul tarixindən etibarən yoxlama başa çatanadək “Veles-Mit” müəssisəsinin məhsullarının Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə sertifikatlaşdırılmasını dayandırmağı tövsiyə edib.

Bundan əlavə, təkrar pozuntular səbəbindən “Veles-Mit” şirkətinin bütün ət məhsullarının Rusiyaya idxalı və tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Laborator analizlər zamanı məhsullarda antibiotik qalıqları, listeriya və bağırsaq çöpü bakteriyaları, mal əti konservlərində isə azitromisin, tulatromisin və sulfametazin aşkar edilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: