Rusiya Surəti niyə zəhərləsin? – Axı o, Nərimanov deyildi…

Sabiq baş nazir, qiyamçı polkovnik Surət Hüseynovun qəfil ölümü hələ də müzakirə edilir. İddialara görə, onun İstanbulda qəfil ölməsi müəmmalıdır. Artıq S.Hüseynovun qəsdlə öldürülməsi versiyası ortaya atılıb və bu fikrin müəllifləri arasında kifayət qədər tanınan insanlar var.

Məsələn, “Prime” TV-nin rəhbəri, araşdırmaçı jurnalist Aygün Muradxanlı bu barədə olduqca maraqlı fikirlər səsləndirib.

Globalinfo.az A.Muradxanlının bu açıqlamasını ötən gün dərc edib. Jurnalist deyib ki, Surət Moskvada olarkən səhhəti pisləşib. Bu da deməyə əsas verir ki, onu Rusiyada zəhərləyib. A.Muradxanlının sözlərinə görə, S.Hüseynov Moskvadan İstanbula Rusiya hava yollarına məxsus təyyarə ilə uçub. Bu da onun zəhərlənməsində şübhələri artıran detaldır.

Jurnalist daha sonra yazıb: “Belə başa düşdüm, Moskvada olan olub. Sonra görüb çarə edən yoxdur, Türkiyəyə gəlməyi düşünüb. Bu arada, Türkiyədəki ilk həkim raportunda ölüm səbəbi – “adli durum” yazıb. Adli durumun açması – ölməyib, öldürüblər. Bu qeyd hansısa təhrik, cinayət səbəbi ilə ölmə, ya da intihar zamanı yazılır. Yəni ilk müayinə edən doktor kənar müdaxilədən şübhələnib və bunu sənədləşdirib. Böyük ehtimal dərinin rəngində, göz qişasında, dilin rəngində zəhərlənmə əlamətləri görüb”.

S.Hüseynov 1993-cü ilin iyun ayında Gəncədə qiyam edib. O, AXC iqtidarını devirərək, hakimiyyətə gəldi. Baş nazir oldu. Hələ o vaxtlar deyilirdi ki, S.Hüseynov Rusiya kəşfiyyatına işləyir. Onun SSRI-nin 104-cü hücum-desant diviziyasının komandiri general Valeri Şerbakla əlaqəsinin olduğu kimsəyə sirr deyil. Özü bu haqda müsahibələrinin birində etiraf etmişdi. Amma guya Şerbakla görüşə Rəhim Qazıyevin təşəbbüsü ilə gedibmiş. Bilənlər bilir ki, Surətlə Şerbakın əlaqələri sistemli hal alıb və onu Azərbaycan dövlətinə qarşı qaldıran da Rusiya kəşfiyyatı olub.

S.Hüseynov nəzarətində olan hərbi hissəni Qarabağdakı həlledici döyüşlər zamanı geri çəkməklə Azərbaycanı müharibədə olduqca əlverişsiz duruma salmışdı. O bu cür taleyüklü qərarları təkbaşına qəbul edə bilməzdi. “Onu bir öyrədən vardı” – məşhur folklor nümunəmizdə deyildiyi kimi.

Rusiya Surət Hüseynova vəd vermişdi ki, onu Azərbaycanda hakimiyyətə gətirəcək. Hakimiyyətin yolu isə Vətənə, dövlətə xəyanətdən keçirdi. Korpus komandiri kimi və Prezidentin Qarabağ bölgəsində xüsusi səlahiyyətli nümayəndəsi olaraq əlinə geniş imkanlar toplamış, hüdudsuz səlahiyyəti olan, paraleldə dərin ağıldan, savaddan, intellektdən məhrum biri Rusiya kəşfiyyatı üçün açıq hədəf, asan loxma sayılırdı. Üstəlik, o vaxtlar adı qulağına dəymişdi – Milli Qəhrəman fəxri adı da onu bir yandan qızışdırıb ortaya salırdı. Kənardan israrla “Lələ, sən prezident olmalısan” tırkaları da öz işini görürdü.

Beləcə, Surət sürətlə Rusiya kəşfiyyatının qucağına doğru qaçırdı. Onunla general Şerbak işləyirdi. Məhz onun “xeyir-duası” və hərtərəfli dəstəyi ilə S.Hüseynov Gəncədə Azərbaycana qarşı qəsd planının icrasına başladı.

Əbülfəz Elçibəy iqtidarının səriştəsizliyi, qorxaqlığı ona bu işdə çox kömək etdi. Bu gün Surətin ünvanına yaxşı-yaman deyən, yazan Elçibəy komandasının üzvləri 30 il öncə bu gün onun adını eşidib, hakimiyyətdən və Bakıdan qaçdılar. Bəziləri isə hətta Azərbaycandan qaçdı. Ölkə qiyamçılara qaldı. Heydər Əliyev olmasa idi, Bakıya gəlməsəydi, vəziyyətin necə olardı – özünüz düşünün.

S.Hüseynov 1994-cü ilin oktyabr ayının əvvəlində ikinci qiyam cəhdi etdi. Mərhum prezident Heydər Əliyevi devirib, hakimiyyətə tək sahiblənmək istəyirdi. Amma anlamadı ki, bu dəfə onun qarşısında Heydər Əliyevdir, Elçibəy yox. Heydər Əliyev onun qiyam cəhdini beşikdəcə boğdu. Özünü də vəzifədən qovdu. Bir neçə gün sonra Surət Rusiyaya qaçdı. 1997-ci ilin yazında qiyamçı polkovnik Rusiyada saxlanılaraq Bakıya gətirildi. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzası aldı. 2004-cü ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı.

Bəs Rusiya nədən onu zəhərləyib, aradan götürsün? Moskva nədən öz agentləri ilə bu şəkildə davransın? Surət Hüseynov belə bir əməliyyata dəyəcək qiymətini hələ qoruyub saxlayırdımı?

Rusiya bu addıma o vaxt gedir ki, vaxtı ilə ona casusluq edən şəxs asi çıxsın. Nələrləsə razılaşmasın. Etiraz etsin. Ən əsası, şantajla hədələsin. “Açıb hər şeyi danışaram” təhdidinə əl atsın.

Surət nə danışa bilərdi? Onun Kremli sarsıdacaq hansı kompromatları vardı? Azərbaycanı sevdiyi üçün, əməlindən peşman olduğuna görə bu yola əl atmaq istəyib? Əsla! Belələri üçün Vətən, millət, dövlət müqəddəslər kateqoriyasında olmur. Qiyamçı polkovnik nə isə əldə etmək istədiyi üçün Rusiyadakı bağlı olduğu çevrələrin zəhləsini tökə bilərdi. Onlar da lazımsız və istifadə müddəti keçmiş polkovnikdən qurtulmaq, həmçinin başqa satqınlara dərs vermək üçün bu addıma gedə bilərlər.

Təbii, bütün bunlar bizim versiyalardır.

Amma bir gerçəklik var ki, Rusiya ona işləmiş xeyli adamı aradan götürüb. Əksəriyyətini də zəhərləyərək öldürüb. Bunların arasında başqa millətlərin, dövlətlərin nümayəndələri də var, vaxtı ilə Rusiya dövlətində yüksək vəzifə tutmuş, amma sonralar asi çıxmış sabiq məmurlar da. Məsələn, Litvinenko, Berezovski, Nemtsov bu kateqoriyadan olan qurbanlardır.

Tarixdə Rusiyaya işləyən, amma sonra elə Moskvadan verilən fərmanla həyatı sonlandırılan xeyli azərbaycanlı olub. Onların ən ibrətamiz nümayəndəsi Nəriman Nərimanovdur. O, sonralar əməllərindən peşman olduğu üçün Kremlə qarşı çıxıb. Narazılıq edib. Onu ən sevdiyi yeməyə zəhər qatmaqla Moskvada öldürüblər.

Surət Hüseynovu Nəriman Nərimanovla müqayisə etdiyimiz üçün bəziləri bizi qınaya bilər. Həqiqətən də Surət kimi bir cahil hara, Nərimanov kimi intellektual, geniş dünya görüşə malik alim, yazıçı, həkim hara. Sadəcə onları birləşdirən ortaq “dəyər” Rusiyaya nökərçilik etmələri, ölkələrinin maraqlarını vəzifəyə, şan-şöhrətə satmalarıdır. Bir də ibrətamiz aqibətləri…

Azər Ayxan
Globalinfo.az