Rusiya istəməsə də növbəti müharibəyə qoşulur – Smaqin

“Rusiya Yaxın Şərqdə neytrallığını qorumağa çalışsa da, son addımları onu buradakı konfliktə daha çox cəlb edir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Karnegi Fondunun eksperti Nikita Smaqin çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın İran-İsrail konfliktinin yaşandığı dönəmdə Tehrana Su-35 təyyarələrini verməsi, qüvvələr balansını dəyişməyəcək, amma ABŞ və İsrail üçün siqnal olacaq:

“Rusiya Yaxın Şərqdəki qüvvələr balansını dəyişə bilməsə də, onun perspektivlərinə başqa yöndən baxmağa imkan yarada bilər. Yaxşı, bu tədarükdən sonra yenisi olsa nə olacaq? Əgər Rusiya aviasiyadan sonra İrana müasir hava hücumundan müdafiə sistemləri tədarük etsə, İran obyektlərinə potensial zərbə daha çətin hədəf olmayacaqmı? Tehranın Moskvadan silah alması İsrail və ABŞ üçün klassik təhlükəsizlik dilemması yaradır. Yəni Rusiya-İran əməkdaşlığı daha da dərinləşəcək və Tehran yeni-yeni silahlar almalı olacaq. Bu məntiqlə əgər İranla toqquşma qaçılmaz olsa, o zaman İrana zərbə Rusiya tədarükü güclənməzdən əvvəl həyata keçirilməlidir.

Bir sözlə, Rusiyanın İrana istiqamətlənən istənilən kiçik addımı belə ABŞ və İsrailin gözündə Moskvanı balansı poza biləcək konfliktin tərəfi edir. Arxasında Kreml dayanan Tehran isə kifayət qədər təhlükəli təhdiddir”.

Əliyar Xəlil
Globalinfo.az