Rusiya Ermənistanı çörəklə imtahana çəkir: İrəvan Bakıya möhtac qala bilər

“Rusiya taxıl ixracatı üzrə dünyada birinci yerdədir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara görə rəsmi Moskva taxılı dünya bazarına çıxarmaqda çətinlik çəkir. Lakin Rusiya hər zaman təbii qaz və taxılı təzyiq vasitəsi kimi istifadə etməyi də yaxşı bacarır”.

Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova Rusiyanın dekabrın 1-dən Ermənistana buğda ixracını qadağan etməsini şərh edərkən deyib.

Ramiyə Məmmədova 

Onun sözlərinə görə, mövcud Rusiya-Ukrayna müharibəsi, habelə Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması Kremli əlavə tədbirlər görməyə vadar edir:

“Bunlardan biri də taxıl ixracatını dayandırmaqdır. Ümumiyyətlə Rusiyanın əsas taxıl ixrac etdiyi ölkələrdən biri də Ermənistandır. Rəsmi İrəvan Rusiyadan çox ucuz qiymətə taxıl alır. Ermənistanın sərgilədiyi antiRusiya münasibəti Moskvanı narahat edir. Buna görə də Kreml Ermənistana real gücünü, habelə ondan asılı olduğunu göstərmək qərarına gəlib.

Hesab edirəm Rusiya bir dəfəyə olmasa da tədricən taxıl ixracatını dayandıracaq. Mümkündür ki, ilkin qiymət artımı olsun. Əgər bu da Ermənistanın mövqeyinə təsir etməsə Rusiya taxılın ixracını tamamilə dayandıracaq.

Ermənistan bu halda alternativ taxıl ixracatçılarına üz tutmalı olacaq. Lakin bütün halda alacağı taxıl baha olacaq və Ermənistan iqtisadiyyatına pis təsir edəcək. Onsuz da iqtisadiyyatı xarici yardımlardan asılı olan Ermənistan Rusiyanın atacağı bu addım qarşısında çox tab gətirə bilməz”.

Politoloqun sözlərinə görə, Ermənistan tədricən Gürcüstanın siyasi xəttinə keçir:

“Qərbə təmasların günbəgün artması, Aİ Ermənistan siyasətinə sirayət etməsi və bunun nəticəsi kimi İrəvan ilə Moskva arasında münasibətlərin korlanması bunu deməyə əsas verir.

Ermənistan üçün bu real çıxış yolu deyil. Ümumiyyətlə rəsmi İrəvan Qərbin oyunlarına alət olduqca Cənubi Qafqazda təklənəcək. Halbuki Azərbaycanın təklif etdiyi regional əməkdaşlıq Ermənistanın da xeyrinədir. Yeri gəlmişkən, Ermənistan Azərbaycandan taxıl da ala bilər. Hətta gec-tez buna məcbur olacaq”.

Turan Rzayev
Globalinfo.az