Sankt-Peterburq məhkəməsi cinayət aləmində “Yusif”, “Yuska” və “Şamxorski” kimi tanınan Yusif Əliyevin 18 iyula qədər həbsdə qalması barədə qərar çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 18 il axtarışda olan və nəhayət, 2 gün əvvəl tutulan Y.Əliyev Azərbaycana ekstradisiya edilə bilər.
Mətbuat xidməti ona qarşı irəli sürülən ittihamları açıqlayıb: belə ki, o, 1994-cü ilin avqust ayında bir dəstə ilə birlikdə vətəndaş A.-nı qaçıraraq üç gün saxlayıb, işgəncə verib, qohumlarından isə 182 min dollar tələb edib. 1995-ci ilin fevralında isə vətəndaş E.-yə silahlı hücumda və oğurlanmasında iştirak edib, E.-dən 150 min dollar fidyə istəyərək dörd gün işgəncə verib.
Y.Əliyevin Azərbaycana ekstradisiyasına heç bir maneə yoxdur. O, qanunsuz şəkildə Rusiyada məskunlaşıb, Sankt-Peterburqda daimi yaşayış icazəsi olmayıb. Ailəsi və ya övladı yoxdur, rəsmi olaraq işsizdir. Y.Əliyev Rusiya vətəndaşlığı və ya siyasi sığınacaq üçün müraciət etməyib.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin cinayət araşdırması əməkdaşları Yusif Əliyevi 9 iyun səhəri Makarov sahilindəki bir evdə saxlayıblar.
O, rəqib Oniani-Canqveladze klanının tərəfdarlarının Piroqov toplantısına Ded Xasanın cavabı olaraq, Yaponçikin iştirakı ilə “oğru” statusu alıb. Y.Əliyev uzun müddət Belarusda yaşadığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az

