Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gömrükdən keçdiyi gündən etibarən 6 ay ərzində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçəcək.
Xüsusilə xaricdən avtomobil gətirənlərin diqqətini çəkən bu dəyişiklik vətəndaşlara və avtomobil bazarına necə təsir edəcək?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu dəyişikliyin avtomobil bazarına ciddi təsir göstərəcəyini düşünmür:
“Çünki vətəndaşın avtomobil gətirib onu 6 ay ərzində rəsmiləşdirməməsi çox yayılmış hal deyil. Lakin burada bir neçə sual yaranır:
Birincisi, mülkiyyət hüququndan məhrumetmə yalnız məhkəmə qərarı ilə mümkündür və bu prosesin necə həyata keçiriləcəyi aydın deyil. Gömrük Komitəsi məhkəməyə müraciət etməli, məhkəmə isə mülkiyyət hüququnun ləğvi barədə qərar verməlidir. Çünki icra orqanlarının belə bir səlahiyyəti yoxdur.
İkinci məsələ isə odur ki, bu günə qədər vətəndaş avtomobili niyə vaxtında rəsmiləşdirmir? Gecikmənin səbəbləri nələrdir? Bu amillər araşdırılmalıdır”.
İqtisadçının sözlərinə görə, bəzi hallarda vətəndaşlar gömrük rüsumunun hesablanması ilə razılaşmır və məhkəməyə müraciət edir, məhkəmə prosesləri isə aylarla davam edə bilər:
“Bu o deməkdir ki, iş məhkəmədə olduğu halda belə 6 aydan artıq vaxt keçə bilər və bu zaman mülkiyyət hüququnun ləğvi riski yaranır. Bu halda hansı prosedur tətbiq ediləcək? Bu kimi sualların cavabını müvafiq dövlət orqanları verməli və məsələ ictimaiyyətə aydın şəkildə izah olunmalıdır. Həmçinin gecikmələrin səbəbləri də araşdırılmalıdır. Amma qeyd etdiyim kimi, bunun avtomobil bazarına ciddi təsir göstərəcəyini düşünmürəm”.
Zaira Akifqızı
Globalinfo.az