Ramazandan sonra regionda böyük gərginlik gözlənilir – 3 gün ərzində…

“Suriyanın paytaxtı Dəməşqdə İranın diplomatik nümayəndəliyinə hücum zamanı öldürülən 7 zabit – Məhəmməd Rza Zahedi, Məhəmmədhadi Rəhimi, Hüseyn Əmənullahi, Seyid Mehdi Cəladati, Möhsün Sədaqət, Əliağa Babayi və Seyyid Əli Salehi Ruzbahani İslam İnqilabının Keşikçilər Korpusu üçün kifayət qədər əhəmiyyətli fiqurlar hesab edilirdilər”.

Bu sözləri AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə İran-İsrail gərginliyi ilə bağlı Globalinfo.az-a danışarkən deyib.

O bildirib ki, xüsusən adıçəkilən ilk iki şəxsin – generalların öldürülməsi İran üçün sarsıdıcıdır:

“Hadisəni general Qasım Süleymaninin öldürülməsi ilə müqayisə edənlər var. İranın hadisəyə cavab verəcəyi barədə müxtəlif səviyyələrdə verilən bəyanatlar təsadüfi deyil. Tehran rəsmilərinin açıqlamalarına görə, ABŞ-ın İrandan onların Yaxın Şərqdəki bazalarına zərbə vurulmamasını xahiş etməsi də təhlükənin miqyasını göstərir.

İranın cavabını indiki vəziyyətdə proqnozlaşdırmaq kifayət qədər çətindir. Bunun Ramazan ayının bitməsindən sonra baş verəcəyinə dair ehtimallar var. Lakin digər tərəfdən bu cür məlumatlar diqqəti yayındırmaq üçün çaşdırıcı həmlə olaraq da istifadə edilə bilər”.

Politoloq vurğulayıb ki, indiki halda İranın İsraillə birbaşa müharibə etməsini gözləmək sadəlövhlük olar:

“Böyük ehtimalla cavab zərbəsi proksi təşkilatlar vasitəsilə veriləcək. Belə təşkilatlar sırasında Hizbullah, İraq İslami Müqavimət Hərəkatı, Qəzzadakı İslami Cihad qruplaşması xüsusən diqqəti cəlb edir. Bu mənada Qəzzadakı İslami Cihad qruplaşmasının lideri Ziad Naxalanın İran hərbçilərinin dəfn mərasimində ali dini lider Əli Xamenei ilə birlikdə iştirak etməsi maraq doğurur”.

Safura Bənnayeva
Globalinfo.az