Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində deyib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
Onun sözlərinə görə, 13 sentyabr hadisələri, eləcə də Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verib.
Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur.
Maraqldır, bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Armen Qriqoryanın müsahibəsi büs-bütün Kremlə atmacadır:
“Misal üçün, Qriqoryan deyir ki, “Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib”. Qriqoryan bu cümləsi ilə əslində bunları demək istəyir:
Birincisi, Ermənistan demokratikdir. Rusiya avtoritar dövlət olduğuna görə rəsmi İrəvan ittifaqa qoşulmayacaq.
İkincisi, İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə, Azərbaycan Ermənistana təzyiqi artırıb.
Armen Qriqoryanın bu müsahibədən Kremlin narahat olacağını yaxşı bilir. Özü də müsahibə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı verilib”.
Politoloqun sözlərinə görə, bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu:
“Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən, bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir.
Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diktə etmək üçün geniş manevr imkanları yaradır”.
Turan Rzayev
Globalinfo.az