Paşinyan-Makron cütlüyünün Qranada şousu baş tutmadı

Məlum olduğu kimi, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-ə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Hər hansı beynəlxalq tədbirdə və görüşdə iştirak etmək hər bir dövlətin suveren hüququdur.

Bu barədə Globalinfo.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

QHT sədrinin sözlərinə görə, planlaşdırılan görüşdə Fransa və onun timsalında Makronun çıxış etməsi heç bir standarta sığmır:

“Fransa prezidentinin bir çox çıxışları birbaşa Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa yönəlib, keçmiş qondarma xunta rejiminin dəstəklənməsi və Azərbaycana qarşı qərəzli mövqedən ibarətdir. Fransanın regionla bağlı hər hansı tarixi və digər bağlılığı olmadığı halda bu regiona nüfuz etmək, münaqişənin alovlanmasına şərait yaratmaq siyasəti aparır.

Makron hökuməti bütün platformalarda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etməklə kifayətlənmir bu tip müzakirələrin əsas təşkilatçısına çevrilib. Bu şəraitdə Fransanın regionda sülh quruculuğuna hər hansı töhfəni vermək istəyi reallıqdan kənar görünür”.

Cəsarət Hüseynzadə qeyd edib ki, Fransa eyni zamanda Avropa dövlətləri və qurumların çərçivəsində öz təsir imkanlarından istifadə etməklə Azərbaycana qarşı qrup formalaşdırmağa çalışır:

“Son dövrlər məhz Fransanın təsiri ilə Almaniyanın da bu prosesdə görünməsi təəssüf doğurur. Bəzi alman media orqanlarının Qarabağla bağlı dezinformasiya yayması məhz buna əyani sübutdur. Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün heç bir dövlət və yaxud beynəlxalq qurum səlahiyətləndirlməyib. Moskva, Vaşinqton, Brüssel formatları mövcuddur və Azərbaycan hər 3 formatda təmsil olunur. Lakin Brüssel formatına Fransanın daxil olmağa çalışması, eyni zamanda Fransanın mövqeyindən çıxış edən Almaniyanın da əlavə olunması qəbul edilməzdir. Belə olan halda Azərbaycan da haqlı olaraq regionun təhlükəsizliyi baxımında real güc sahibi olan Türkiyəni bu formatda görmək istəyir.

Hesab edirəm ki, Azərbaycan bu məsələyə haqlı olaraq mövqeyini bildirməsəydi, Fransa yaxın gələcəkdə hətta Hindistanı da bu “sülh masasına” qoşmaq istəyəcəkdi”.

Cəsarət Hüseynzadə

Təşkilat sədri vurğulayıb ki, yaxın gələcək üçün Qərb məkanında optimal format ən yaxşı halda Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan və Ermənistan liderlərinin görüşü ola bilər:

“Azərbaycan hazırda BMT-nin nizamnaməsinə uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyü təmin edib. Öz sərhədlərinə tam nəzarət edir. Eyni zamanda Ermənistanla sülh müqaviləsinin bağlanmasını istəyir. Amma bu müqavilənin müzakirəsi bərabər şərtlər və imkanlar şəraitində mümkündür. Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu 30 ilə yaxın müddətdə heç bir dövlətin və ya beynəlxalq təşkilatın təzyiqi ilə hərəkət etməyib. Hərbi və siyasi üstünlüyünü bərqərar edən Azərbaycan indi beynəlxalq müstəvidə daha da güclüdür. Azərbaycan sülh müqaviləsi bağlamaq istəyir, amma sülh müqaviləsi daha çox Ermənistan üçün lazımdır. Ona görə də Ermənistan apardığı yanlış siyasət və oyunlardan əl çəkməli, beynəlxalq hüquqa əsaslanan sülh prinsipləri üzrə bərabər imkanların olduğu sülh masasına oturmalıdır. Əks halda Nikol Paşinyan Emmanuel Makron, Olaf Şults kimi şəxsləri bu prosesə süni formada qoşmaqla sülhə gedən yolu bir qədər də uzadır.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da yol məsələsində israrlıdır. İki qardaş ölkənin prezidentlərinin təklifi isə sülh və inkişaf yoludur. Bu yol təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı deyil, Şərq ilə Qərbi birləşdirməklə regionun inkişafına zəmin yaradacaq”.

Zaira Akifqızı
Globalinfo.az