Qərb Ermənistanda Rusiyaya qarşı bu planı hazırlayır – Avropa Birliyindən mühüm gediş

18.01.23  11:35

Avropa Birliyi (AB) bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. AB-nin Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib, Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi isə layihəni bəyənib.

Diqqət çəkən məqam budəfəki missiyanın müddətinin 2 ay yox, 2 il  nəzərdə tutulmasıdır. Missiyanın say tərkibi də artırılıb. Belə ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.

Maraqlıdır, AB-nin Ermənistana yeni müşahidə missiyası göndərməsinə Azərbaycanın mövqeyi necə olacaq?

Globalinfo.az-a mövzu haqda danışan politoloq Əziz Əlibəyli deyib ki, AB-nin Ermənistana yeni müşahidə missiyası göndərməsi Rusiyanın bu ölkədəki varlığı ilə əlaqədardır:

“Qərb Kremlin Ermənistanda olmasını istəmir. Buna görə də Ermənistana yeni müşahidə missiyası göndərir. Missiyanın əsas məqsədi Ermənistandakı Rusiya ordusunu müşahidə etmək olacaq.

Ermənistan rəhbərliyi də bu missiyanın gəlməsində maraqlıdır. Hətta bunu rəsmi İrəvanın Moskvaya qarşı xəyanəti kimi də qiymətləndirmək olar.

Bu gün Qərb faktiki olaraq Nikol Paşinyanın əli ilə çalışır ki, regionda öz varlığını qoruyub saxlasın”.

Ekspertin sözlərinə görə, rəsmi Bakını hazırda maraqlandıran əsas məsələ Ermənistanla imzalanacaq yekun sülh müqaviləsidir:

“Hazırda müqavilənin reallaşması və ya imzalanması məsələsi daha aktualdır. Lakin Ermənistan tərəfi bu istiqamətdə ciddi bir addım atmır. Bu isə bizim üçün narahatverici haldır.

Bununla belə, AB-nin Ermənistana yeni müşahidə missiyası göndərməsi bizi narahat etməməlidir. Əskinə, həmin missiyanın Azərbaycana da gəlməsinə izin verməliyik. Məsələ ondadır ki, ötən ilin oktyabrın 17-də AB Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya bölgəyə gəldikdən sonra bizə yox, məhz erməni və rus ordusuna nəzarət etdi. Hesab edirəm, bu çox mühüm amildir. Burdan da görünür ki, missiya bizə deyil, rus ordusuna qarşıdır”.

Turan Rzayev
Globalinfo.az