Qərb Ərdoğanı niyə devirmək istəyir? – Şərh

“Bütün diqqətlər Türkiyədə baş tutacaq seçkilərə yönəlib. Bu, təkcə Türkiyə xalqının, ictimaiyyətinin və yaxud Azərbaycan ictimaiyyətinin deyil, ümumilikdə regionun, hətta deyərdim ki, dünyanın müzakirə etdiyi başlıca məsələyə çevrilib”.

Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov Türkiyədə may ayının 14-ə təyin edilən seçkilər haqda danışarkən deyib.

Onun sözlərinə görə, seçkilərin keçiriləcəyi vaxtın müəyyənləşməsi, eyni zamanda “Altılı Masa”ın CHP sədri Kamal Kılıçdaroğlunu vahid namizəd seçməsi bəzi sualların cavabını aydınlaşdırdı:

“Qarşıda namizədləri çox ciddi təbliğat və təşviqat mərhələsi gözləyir. Şəxsiyyət və nüfuz baxımından Rəcəb Tayyib Ərdoğan ilə Kamal Kılıçdaroğlunu müqayisə etmək doğru deyil. Bu baxımdan onun qalib gələcəyi də inandırıcı görünmür.

Ümumiyyətlə CHP-nin Mansur Yavaş və ya Əkrəm İmamoğlu kimi daha güclü namizədləri var idi. Bu iki namizəddən birinin vahid namizəd seçilməsi “Altılı Masa”ın qələbə şanslarını daha çox artıra bilərdi.

Bu gün Türkiyə xalqının sosial və iqtisadi problemləri var. Buna görə də seçicilər bu problemlərdən onları xilas edəcək namizədə səs vermək istəyir. Lakin türk xalqı həm də dövlətinə bağlıdır. Bunu ona görə də deyirəm ki, hazırda Türkiyənin siyasi baxımdan qeyri-sabit olması və zəifləməsini istəyən ölkələr var. Bunun üçün isə həmin ölkələr ilk növbədə Ərdoğanın iqtidardan getməsini istəyir. Çünki Ərdoğan yeri gəldikdə böyük ölkələrə sözünü deyir, Türkiyənin mövqeyini qoruya bilir. Hesab edirəm, indiki məqamda Türkiyədə Ərdoğan kimi güclü, sərt bir prezidentin olması vacibdir”.

Turan Rzayev
Globalinfo.az