Qərb 12 maya qədər vaxt verdi – Putinə son xəbərdarlıq

JM33GGSVAZMNLO7DCSEFQWW624

Böyük Britaniya, Fransa, Almaniya, Polşa və Ukrayna liderləri ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Rusiyaya 30 günlük qeyd-şərtsiz atəşkəsi qəbul etməsi üçün çağırış ediblər.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, Qərb dövlətləri əgər Vladimir Putin bu təklifi bir neçə gün ərzində qəbul etməsə, ona qarşı kütləvi yeni sanksiyalar tətbiq ediləcəyi ilə hədələyiblər.

Kiyevdə keçirilən görüş zamanı liderlər atəşkəsin 12 mayda başlamasına qərar veriblər və bu çərçivədə Trampla telefon danışığı aparılıb.

“Buradakı bütün tərəfdaşlarla birlikdə Putinə səslənirik: Əgər sülh istəyirsə, bunu göstərməyin zamanıdır. Artıq bəhanələrə, şərtlərə və gecikmələrə yer yoxdur”, – Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.

Avropa liderlərinin bəyanatından dərhal sonra Kremlin münasibəti mənfi olub.

“Avropadan çoxlu ziddiyyətli bəyanatlar gəlir. Bunlar münasibətləri bərpa etmək üçün yox, qarşıdurma yaratmaq üçün edilir”, – Prezident sözçüsü Dmitri Peskov “İnterfaks”a müsahibəsində deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Kiyevdəki görüşdə razılığa gəlinən 30 günlük atəşkəs hava, dəniz və quru əməliyyatlarını da əhatə etməlidir. Əgər Rusiya bunu qəbul etməsə, enerji və bank sektorlarına yönəlmiş əlavə sanksiyalar qüvvəyə minəcək.

Aysel Əliyeva
Globalinfo.az