taxi23

Azərbaycanda avtomobillərin icbari sığortası sahəsində yeni qaydalar qüvvəyə minir. Qərara əsasən, risk faktorları nəzərə alınaraq sığorta haqları taksilər üçün fərqli hesablanacaq.

Yeni sığorta qaydaları taksilərdə gedişhaqqının artmasına səbəb olacaqmı?

Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, intensiv istifadə olunan nəqliyyat vasitələrinin qəza riski şəxsi avtomobillərlə müqayisədə daha yüksəkdir:

“Taksilər gün ərzində daimi hərəkətdə olur, sərnişin daşıyır və yolda qalmaq ehtimalı yüksəkdir. Sığorta şirkətləri də statistik məlumatlara əsaslanaraq qərar verirlər. Yəni taksilərdə qəza halları şəxsi avtomobillərlə müqayisədə iki-üç dəfə çoxdursa, bu, icbari sığorta tariflərinin fərqli müəyyən edilməsinə səbəb ola bilər”.

ilqar 1

İlqar Hüseynli

İ.Hüseynli əlavə edib ki, icbari sığorta tariflərindəki dəyişikliklər taksi xidmətlərinin xərclərinə birbaşa təsir göstərə bilər:

“Əgər sığorta haqları artarsa, taksi şirkətləri xərcləri sərnişindaşıma qiymətlərinə yansıda bilərlər. Tutaq ki, ilkin tarif 2 manat 50 qəpik idisə, sığorta haqlarının artması nəticəsində bunu 3 manata qaldıra bilərlər. Kiçik artımlar sərnişin üçün ciddi fərq yaratmayacaq, lakin əgər sığorta haqları böyük nisbətdə artsa, sərnişindaşımada əhəmiyyətli qiymət yüksəlişi ola bilər. Xərclərin artımını yalnız göstərilən xidmətlərin tarifləri vasitəsilə qarşılamaq mümkündür. Bir məsələ də var ki, istismar müddəti bitdikdə, güzəşt tətbiq olunur”.

Ekspert qeyd edib ki, güzəştlərin qüvvədə qalması və artım məbləği hələ dəqiqləşməyib:

“Bu məsələni hələ dəqiq müəyyənləşdirmək lazımdır. Hələlik bilmirik ki, qiymətlər nə qədər artacaq, az olacaq, yoxsa böyük fərq yaradacaq. Sözsüz ki, taksi xidmətlərinin fəaliyyəti ilə bağlı xərclər artarsa, sərnişindaşıma qiymətləri də təsirlənəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: