Qazilərin “80 manatı” haqda yeni açıqlama – “Səthi yanaşıldı”

Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı müharibə veteranları üçün 80 manat müavinətin artırılması istiqamətində müzakirələr aparılsa da dəqiq qərara verilməyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, Milli Məclisdə 80 manatın artırılması ilə bağlı məsələ müzakirəyə çıxarılsa da səthi yanaşma ortaya qoyuldu:

“Burada əsas məsələ Dövlət Statistika Komitəsinin sadəcə nəqliyyat və kommunal xərclərini ümumilikdə 62 manat hesablamasıdır. 2001-ci ilə qədər şəhid ailələri, müharibə veteranları, Qarabağ qazilərinin kommunal, nəqliyyat və digər güzəştləri var idi. İndi onları ləğv edib, sadəcə nəqliyyat və kommunal güzəştlər var.

Halbuki həmin şəxslərin ildə bir dəfə ölkə daxilində təyyarədən pulsuz istifadə etmək hüququ olub. Bütün mədəni tədbirlər, kino və teatrlar ödənişsiz idi. Veteranlara verilən 80 manatın belə məbləğinin çox olduğunu düşünürlər. Bu, yanlış davranışdır. Təklif edirik ki, hər bir müharibə veteranına 300 manat verilsin. Prezident təqaüdü müzəffər Ali Baş Komandanın adına layiq müəyyənləşdirilməlidir. Yaralanıb, amma əlillik dərəcəsi almayan veteranlara bu vəsaitin 3 qatı verilməlidir. Müharibə veteranları, şəhid ailələri əvvəl işıq, qaz və su pulundan azad idilər. Dəmiryolu da ümumiyyətlə ödənişsiz idi. Bu da ləğv olundu”.

Globalinfo.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov mövzunun dəfələrlə gündəmə gətirildiyini və mövcud məlumatlardan əlavə informasiyanın olmadığını deyib.

Safura Bənnayeva
Globalinfo.az