ilham konfrans

“Ötən gün cənab Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkə başçısı tərəfindən nəinki son 6 ay, son bir neçə ilin həm daxili, həm də xarici siyasəti geniş təhlil olundu”.

Bu sözləri Globalinfo.az-a millət vəkili Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan demək olar ki, əksər ölkələrdən qat-qat sabitdir:

“Məhz bu sabitlik də rifaha və inkişafa gətirib çıxardır. Bu ilin ilk altı ayında əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Təbii ki, bu məsələlərin həllinə əhəmiyyətli dərəcədə nail olundu. Ölkədə qeyri-neft sektorunun inkişafına kifayət qədər investisiyalar qoyuldu. Bu gün Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirəcək qədər resursları var. Buna bizim həm coğrafi mövqeyimiz imkan verir, həm də dövlət tərəfindən xüsusi diqqət ayrılır. Qarşıdakı illərdə ölkə iqtisadiyyatının neft və qaz gəlirlərindən asılılığının azaldılması istiqamətində böyük işlərimiz olacaqdır. Qeyri-neft sektoru sahəsində işğaldan azad edilmiş ərazilərdə böyük investisiya layihələri icra edilir.

musfiq ceferov 12

Müşfiq Cəfərov

Dövlət başçısının da qeyd etdiyi kimi büdcənin artması iqtisadiyyatın şaxələnməsinə şərait yaradacaq. Biz büdcədə olan bu irəliləyişi məhz vergi və gömrük sahələrindəki davamlı islahat və şəffaflaşdırma prosesində görürük. Həmçinin Azərbaycan inflyasiyanın da təsirini azalda bilən dövlətlərdən oldu. Qarşıdakı 6 ayda da dövlətimiz qarşısına qoyduğu məqsədlərə çatacaq. Bundan sonra Azərbaycan daimi inkişaf edən iqtisadi və sosial siyasəti ilə vətəndaşların rifah halını da yaxşılaşdıracaqdır. Hər zaman dövlətimizin siyasətinin əsasında vətəndaş amili dayanır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: